Səudiyyə Ərəbistanı Krallığında Xocali faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyi Ər-Riyad şəhərinin mərkəzində yerləşən “Riyad Sarayı”nın böyük konfrans zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə SƏK-in yüksək rütbəli məmurları, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların əməkdaşları, həmçinin KİV nümayəndələri və burada yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Səfir Tofiq Abdullayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilmələrindən geniş söhbət açmışdır. Demişdir ki, həmin faciə zamanı qətlə yetirilmiş, itkin düşmüş və girov götürülmüş insanların heç bir günahı yox idi. Onlar mülki şəxslər idilər və hərbi əməliyyatlarda iştirak etmirdilər. Xalqımıza qarşı törədilən bu cinayət erməni millətçiləri və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirilmişdir. Xocalı soyqırımının törədilməsinə dair siyasi qərarın Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi haqqında faktların mövcudluğunu vurğulayan səfir, bu faciəni erməni faşistlərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsi olduğunu nəzərə çarpdırmışdır.
Mərasimdə faciəni əks etdirən fotoşəkillər nümayiş etdirilmiş və iştirakçılara Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən disk, kitab və materiallar, Xocalı soyqırımı ilə əlaqədar səfirliyin mətbuat məlumatı paylanmışdır.
Sonra Xocalı soyqırımını əks etdirən “Tarixin bir günü və ya bir günün tarixi” filmi, həmçinin “Dəyirman” qrupu və Toni Bləkmən (ABŞ) tərəfindən ifa edilmiş “Xocalıya ədalət” klipi nümayiş etdirilmişdir.
Xocalı soyqırımı ilə əlaqədar məqalələr və xəbərlər ölkə KİV-lərində yayımlanmışdır.