Səudiyyə Ərəbistanında bütün məktəblərdə Çin dilinin tədrisinə başlanılır
Bakı, 23 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi krallığın bütün özəl və dövlət məktəblərinə Çin dili proqramının tətbiqi barədə göstəriş verib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Saudi Gazette” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı məktəblərində Çin dili dərslərinin tətbiqi ilə bağlı qərar krallığın vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudun Çinə səfəri zamanı verilib. Qəzet yazır ki, vəliəhdin səfəri zamanı Ər-Riyad və Pekin krallığın məktəb və universitetlərində bütün səviyyələrdə Çin dilinin tədris planına daxil edilməsinin hazırlanması barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin direktivinə əsasən, hər bazar və bazar ertəsi günlərin dördüncü dərsi məktəblərdə Çin dilinin öyrənilməsinə həsr olunmalıdır. Qəzetin yazdığına görə, krallığın bütün təhsil şöbələri orta məktəb şagirdləri üçün ixtisaslaşdırılmış siniflər çərçivəsində ikinci sinifdə Çin dili proqramını həyata keçirməyə hazırlaşır.
Son illərdə Çin və Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyatda fəal şəkildə ikitərəfli əməkdaşlıq qururlar. 2019-cu ilin fevralında Səudiyyə Ərəbistanının vəliəhdi Pekinə, 2022-ci ilin dekabrında isə Çin Prezidenti Si Cinpin krallığa səfər edib və bu səfər zamanı tərəflər arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.