Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq platformalara qoşulmaqla öz inkişafını dünyaya təqdim edir
Bakı, 16 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib: “Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib”.
Ölkəmizin ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığının olduğunu bildirən deputat 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumunun imzalandığını xatırladaraq deyib: “Ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir”.
Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasiminə dəvət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan deputat qeyd edib: “Çünki Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub”.
Sevinc Fətəliyevanın sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq platformalara qoşulmaqla öz maraqlarını, inkişafını dünyaya təqdim edir.
“Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması bir daha dövlətimizin başçısının və Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir”, - deyə deputat bildirib.