CƏMİYYƏT
Səyyar ASAN avtobusu Astarada
Bakı, 11 aprel, AZƏRTAC
Səyyar ASAN avtobusu aprelin 3-dən Astara şəhər Mədəniyyət evinin qarşısında vətəndaşlara xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə Astarada səyyar xidmət 18 dəfə (12 dəfə Səyyar ASAN xidmət avtobusu, 6 dəfə Səyyar ASAN qatar vasitəsilə) gerçəkləşib. On iki dəfə gerçəkləşən səyyar ASAN xidmət avtobusları vasitəsilə 53 mindən çox, altı dəfə həyata keçirilən Səyyar ASAN qatar vasitəsilə isə 15 mindən çox vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Eyni zamanda, üç növ funksional yardımçı xidmət – tərcümə və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilir.
Hazırda Astara şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Cəlilabad rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 2 milyon 700 minə yaxın , 2023-cü il ərzində isə 35 minə yaxın vətəndaş müraciəti daxil olub.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.