İDMAN
Şika şəhərinin meri Azərbaycan idmançılarının Tokio Paralimpiya Oyunlarına hazırlığı ilə maraqlanıb
Tokio, 18 avqust, AZƏRTAC
Şika şəhərinin meri Masaru Koizumi və şəhər parlamentinin deputatları üzgüçülük üzrə Azərbaycanın Paralimpiya komandasının yaşadığı şərait və yarışlara hazırlıq prosesi ilə maraqlanıblar.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) şöbə müdiri Rüfət Hacılı məlumat verib.
Şöbə müdiri bildirib ki, azərbaycanlı idmançılara həm şəhər rəhbərliyi, həm də yerli sakinlər tərəfindən xüsusi diqqət və qonaqpərvərlik göstərilir. Bu barədə şəhərin merinə və deputatlara da bildirilib və göstərilən diqqətə görə onlara minnətdarlıq ifadə edilib.
Qeyd edib ki, Şika şəhərində “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük üzrə milli komanda və nümayəndə heyətinin bir neçə üzvü məskunlaşıb. İdmançılarımızın yarışlara yaxşı hazırlaşa bilmələri üçün həm oteldə, həm də məşq zallarında hər cür şərait yaradılıb.
Azərbaycanlı paralimpiyaçıların Şika şəhərinə səfəri və burada məşqlərə başlaması Yaponiya mətbuatının da diqqət mərkəzindədir. Belə ki, “chunichi.co.jp” saytı mütəmadi olaraq idmançılarımızın Şikadakı həyatı barədə reportajlar yayımlayır. Son olaraq sayt yapon oxuculara paralimpiyaçılarımızın “Qarpız parçalama” yarışına qatılmasına dair məqaləni təqdim edib.
Məqalədə həmin yarışa Azərbaycan nümayəndə heyətinin beş üzvünün qatılması, bu əyləncəli yarışın idmançıların əhval-ruhiyyəsinə xoş təsir göstərdiyi qeyd edilib. Həmin yarışın qonaqlarda yerli mədəniyyət haqda təsəvvür yaratmaqla yanaşı, həm da yerli Noto qarpız növünün dadı ilə tanış olmağa imkan yaratdığı bildirilib. Yarış iştirakçıları isə həm əyləncəyə, həm də dadlı qarpıza görə təşkilatçılara təşəkkürlərini çatdırıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio