Şimal-Qərb bölgəsində Uşaq İncəsənət Festivalına start verilib
Şəki, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə tədbirlərə Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda da start verilib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 19-da idarənin tabeliyində fəaliyyət göstərən 9 müəssisədə piano ifaçılığı, solo milli rəqs, hekayəçilik, bədii qiraət, aktyor sənəti və solo müasir rəqs nominasiyaları üzrə fərdi qaydada 190 nəfər, milli rəqs ansamblı nominasiyası üzrə isə 2 rəqs qrupu münsiflər heyəti önündə çıxış edib.
Festival çərçivəsində aprelin 25-27-də simli alət, nəfəs alətləri və xalq çalğı alətləri ifaçılığı nominasiyaları üzrə Şəki şəhəri, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatdan keçən uşaqlar münsiflər heyəti qarşısında çıxış edəcəklər.