Şirvan Milli Parkı ərazisində qanunsuz olaraq ceyran ovlayanlar həbs ediliblər
Bakı, 24 avqust, AZƏRTAC
Bu il martın 30-da Şirvan Milli Parkının ərazisində qanunsuz olaraq ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz ov etdiyinə və milli parkın əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimələniblər.
Xatırladaq ki, martın 30-da milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçiriblər. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Hadisəni törədən şəxslərdən biri, E.İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri, R.Ağayev isə Salyan Rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.