“Şirvan xəzinəsinə aparan yollar” layihəsi çərçivəsində növbəti mədəni irs turu keçirilmişdir
Bakı, 30 iyun (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkətinin birgə təşkilatçılığı ilə “Şirvan xəzinəsinə aparan yollar” layihəsi çərçivəsində növbəti - ikinci mədəni irs turu keçirilmişdir.
“Heritage Travel” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi Azərbaycanın mədəni irsini, tarixi-memarlıq abidələrini, füsunkar guşələrini, istirahət zonalarını həm ölkə daxilində tanıtmaq, həm də dünya turizm arenasına çıxararaq xarici turistləri respublikamıza cəlb etməkdir.
Tədbirdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllim və şagirdləri iştirak etmişlər.
Mədəni irs turlarının siyahısına daxil edilmiş Qobustandakı XV əsrə aid Diri Baba türbəsi turun ilk dayanacağı olmuşdur. Abidənin orijinal memarlıq forması, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi, dekorativ bəzək elementlərinin zərifliyi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbir iştirakçıları daha sonra Şamaxı rayon tarix-diyarşünaslıq muzeyinə baş çəkmişlər. Muzey haqqında onlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeydə yenidənqurma işləri 2009-cu ildə başa çatmışdır. Burada yaradılmış yeddi bölmədə Şamaxının qədim və müasir dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumilikdə 8392 əsas, 600 yardımçı eksponatın qorunduğu muzeydə Şamaxı şəhərinin XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış maketi, rayonun fauna və florasını əks etdirən təbiət guşəsi diqqəti cəlb edir.
Sonda tədbir iştirakçıları maraqlı gəzintinin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.