Siyasi şərhçi: Cəmiyyət dövlətin təhlükəsizlik və inkişaf siyasətinin nəticələrini yüksək qiymətləndirir
Bakı, 9 iyul, AZƏRTAC
Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə olmasına dair qiymətləndirmələr əsasən Azərbaycanın son illərdə təhlükəsizlik, xarici siyasət və dövlət quruculuğu sahələrində əldə etdiyi mühüm nəticələrlə əlaqələndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov səsləndirib.
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və sonrakı dövrdə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edilməsi hakimiyyətin legitimliyini və siyasi nüfuzunu gücləndirən əsas amillərdən biridir.
"İctimai rəy sorğularında iştirak edən respondentlər də məhz bu mühüm nəticələri nəzərə alaraq dövlətimizin başçısının fəaliyyətinə müsbət münasibətlərini ifadə ediblər. Bu, tamamilə təbiidir. Çünki ərazi bütövlüyünün və dövlət təhlükəsizliyinin təmin olunması uzun illər Azərbaycan cəmiyyətinin əsas prioritetlərindən biri olub. Məhz bu istiqamətdə əldə edilən uğurlar əhalinin əhəmiyyətli hissəsində dövlət rəhbərliyinə münasibətin müsbət formalaşmasına ciddi təsir göstərib", - deyə R.Bayramov vurğulayıb.
Siyasi şərhçi bildirib ki, ictimai etimadın formalaşmasına təsir edən əsas istiqamətlərdən biri də Azərbaycanın həyata keçirdiyi xarici siyasətdir.
"Son illərdə Azərbaycan həm regional, həm də qlobal platformalarda fəal iştirak edərək müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional iqtisadi layihələr ölkəmizin beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biridir. Cəmiyyətdə bu proseslər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi kimi qiymətləndirilir və bu da siyasi rəhbərliyin fəaliyyətinə verilən qiymətə birbaşa təsir göstərir. İqtisadi sahədə həyata keçirilən tədbirlər də ictimai etimadın formalaşmasına təsir edən mühüm faktorlar sırasındadır. İnfrastruktur layihələrinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının icrası, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi, eləcə də sosial proqramların ardıcıl şəkildə davam etdirilməsi dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri kimi çıxış edir və ictimai rəyə müsbət təsir göstərir. Mürəkkəb geosiyasi şəraitdə ölkədə daxili sabitliyin qorunması da ictimai etimadı şərtləndirən mühüm amillərdəndir.
Regionda davam edən münaqişələr, qlobal təhlükəsizlik çağırışları və iqtisadi qeyri-müəyyənlik fonunda Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması mühüm üstünlükdür. Cəmiyyətin də bu reallığı yüksək qiymətləndirməsi tamamilə təbiidir", – deyə R.Bayramov vurğulayıb.
Siyasi şərhçi bildirib ki, ümumilikdə hərbi-siyasi uğurlar, dövlət suverenliyinin tam bərpa olunması, xarici siyasətdə əldə edilən nəticələr və ölkədə sabitliyin qorunması Prezident İlham Əliyevə yüksək ictimai etimadın formalaşmasına təsir göstərən əsas amillərdir.
Müxbir - Səbinə Əlizadə