Siyəzəndə polis karantin rejiminin qaydalarına riayət olunmasını təmin edir
Siyəzən, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ölkədə elan edilən karantin rejiminin qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət apararaq, sosial məsafənin gözlənilməsinə nəzarət edirlər. Həmçinin açıq havada, eləcə də qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirilir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bildirilir.
Bundan əlavə, RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.