REGİONLAR
Siyəzəndə şanlı Qələbənin şərəfinə “Dəmir yumruq” abidəsi ucaldılır VİDEO
Siyəzən, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhərində Vətən müharibəsində qazanılan şanlı Qələbənin şərəfinə “Dəmir yumruq” abidəsi ucaldılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən abidə kompleksi 180 kvadratmetr ərazini əhatə edir. “Dəmir yumruq” abidəsinin inşasına ötən ilin sentyabr ayından başlanılıb. Tikinti işlərinin 70 faizi artıq yekunlaşıb.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Vüsal İbrahimli bildirib ki, abidəyə 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə yekunlaşan döyüş əməliyyatlarının şərəfinə “Dəmir yumruq” adı verilib. Abidənin əsas elementlərini Azərbaycan xəritəsi və “Dəmir yumruq” simvolları təşkil edir. Abidə üzərindəki xəritə Azərbaycanın ərazi bütövlüyünü, “Dəmir yumruq” simvolu isə xalq-dövlət birliyini və Ali Baş Komandan İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını tərənnüm edir.
Abidədəki xəritə üzərində Qız qalası, Xudafərin körpüsü, Haçadağ, Əshabi-Kəhf, İmamzadə kompleksi, Beşbarmaq dağı kimi Azərbaycanın qədim və müqəddəs abidə və əraziləri əks olunacaq.
“Dəmir yumruq” abidə kompleksinin tikintisi yaxın iki ay ərzində yekunlaşacaq.