“Skal Bakı” təşkilatının 16-cı toplantısı keçirilmişdir
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da “Emerald Hotel”də “Skal Bakı” təşkilatının (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - Skal İnternational”ın Bakı klubu) 16-cı toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, skal üzvlərinin iştirak etdikləri toplantıda “Skal Bakı” klubunun prezidenti, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov tədbirin əhəmiyyətindən danışmış, qurumun fəaliyyət planları barədə məlumat vermişdir. Bildirmişdir ki, bugünkü tədbirdə skal turizm peşəkarları qış turizm mövsümünün bitməsi və yay mövsümünün başlanması ilə əlaqədar qarşıda duran vəzifələrini müzakirə etmək üçün toplaşmışlar. Skalın dünyanın 80 ölkəsində təxminən 500-dən artıq klubu mövcuddur. Klubların əsas məqsədi dostlar arasında biznesin aparılmasıdır. Bu, turizm peşəkarlarının dünya boyu ən böyük şəbəkəsidir. Bu cür toplantılar ünsiyyətin qurulmasına, birbaşa əlaqələrin yaradılmasına xidmət edir.
C.Cəfərov, həmçinin diqqətə çatdırmışdır ki, yaxın vaxtlarda skal üzvlərinə təlimlərin keçirilməsi nəzərdə tutulur. İnanıram ki, MDB məkanında ilk dəfə Azərbaycanda yaradılmış “Skal Bakı” klubu öz fəaliyyəti ilə ölkəmizdə turizmin inkişafına təkan verəcəkdir.
“Skal Bakı” klubunun vitse-prezidenti Ceyhun Aşurov qurumun fəaliyyəti, gördüyü işlər barədə məlumat vermişdir.
Qurumun fəxri prezidenti Ruslan Quliyev və başqaları klubun gördüyü işləri yüksək qiymətləndirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Toplantıda bölgələrin birində yeni “Skal” klubunun yaradılması, turizmdə gənclərin təcrübə məsələləri, keyfiyyətin artırılması hədəfləri, qurumun üzvlərinin faydaları və istifadə qaydaları və digər məsələlər müzakirə olunmuşdur.
Tədbir çərçivəsində yeni istifadəyə verilmiş “Emerald Hotel”in və “Young Skal”ın (Gənc Skalçılar Birliyinin) təqdimatları olmuşdur.