İDMAN
Softbol üzrə Yaponiya millisinin üzvü Miu Qotonun medalı dəyişdiriləcək
Bakı, 12 avqust, AZƏRTAC
Tokio Olimpiadasının qalibi olmuş softbol üzrə Yaponiya milli komandasının üzvü Miu Qotonun medalı dəyişdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Belə ki, Miu Qotonun medalı Naqoya meri tərəfindən dişləndiyi üçün ona yeni qızıl medal veriləcək.
Hadisə Olimpiadada qələbədən sonra Naqoyaya qayıdan 20 yaşlı Miu Qotonun şərəfinə keçirilən tədbir zamanı baş verib. Belə ki, şəhər meri Takasi Kavamura tədbir zamanı səhnədə maskasını çıxararaq qızıl medalı taxıb və onu dişləyərək şəkil çəkdirib.
Bundan əlavə, şəhər meri idmançı haqqında yersiz ifadələr səsləndirib. Naqoya meriyasına şəhər rəhbərinin hərəkətləri ilə bağlı 7 mindən çox şikayət daxil olub. O, pandemiya zamanı kütləvi tədbirlərlə bağlı qaydaları pozmaqda, eləcə də digər qanunazidd hərəkətlərdə ittiham olunur.
T.Kavamura artıq etdiyi hərəkətə görə üzr istəyib. O, Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamaşita ilə danışıb və yeni qızıl medalın pulunu ödəmək istədiyini bildirib.
Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək keçirilib. Ümumi medal sıralamasında 27 qızıl, 14 gümüş və 17 bürünc medalla Yaponiya üçüncü yeri tutub ki, bu da ölkə tarixində ən yaxşı nəticədir.