Son 3 ayda ETSN-in “Qaynar xətt”inə 955 şikayət daxil olub
Bakı, 21 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə 2015-ci ilin aprel-iyun ayları ərzində ətraf mühitin mühafizəsi və ekoloji qanun pozuntuları barədə 955 şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 901-i yerində araşdırılıb. Digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi və s. ilə əlaqədar olub. ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti 301, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 44, istehsalat siyasəti şöbəsi isə 10 şikayəti araşdıraraq qanunamüvafiq tədbirlər görüb.
Nazirliyin Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb.