DÜNYA
Son gün ərzində Yunanıstanda daha 55 yanğın baş verib
Bakı, 31 iyul, AZƏRTAC
Yunanıstanda iki həftə ərzində həddindən artıq isti keçən havalar güclü şimal küləkləri və 15 faizdən aşağı rütubətlə birlikdə yanğınların söndürülməsini çətinləşdirir, alovun sürətli yayılması və yanğınların təkrar başlanmasına səbəb olur. Yunanıstan hökumətinin ən çox narahatçılığına səbəb olan Dodekanes adasındakı yanğın minlərlə hektar meşəlik və şəhər ərazilərinin məhv edilməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, təkcə dünən, bazar günü, Yunanıstanın bir çox əyaləti sakinləri təxliyə etmək məcburiyyətində qalıb, yerli KİV-lərin məlumatına görə isə, üç böyük mehmanxana kompleksi tam yanaraq külə dönüb. Sahil mühafizəsi və Hərbi-dəniz donanmasının üç kateri adanın müxtəlif çimərliklərində alovların ortasında qalmış çoxsaylı çimənləri xilas edib. Bundan başqa, monastırdan onlarla rahibə evakuasiya olunub. Üstəlik, bütün bunlara alovun yayılmasına səbəb olan və yanğının söndürülməsini çətinləşdirən güclü küləklər də əlavə olunub.
Adada vəziyyət narahatlıq doğurur. Yunanıstanın yanğınsöndürmə komandası ötən bazar ertəsi günü bir neçə aktiv yanğın ocağının mövcud olduğu bildirildikdən sonra 300-dən çox meşə yanğını ilə mübarizə aparmaq məcburiyyətində qalıb, bu ocaqlardan bəziləri hələ ki, nəzarətə götürülməyib və minlərlə hektar meşəlik, onlarla evin yanmasına səbəb olub.
Ölkəni əhatə edən güclü isti havanı nəzərə alaraq, Yunanıstanın Mədəniyyət və İdman Nazirliyi günortadan başlayaraq Akropolun bağlanmasına qərar verib, çünki günorta saatlarında burada temperatur 50 dərəcədən yuxarı qalxır. Həmçinin meşə massivlərində nəqliyyat vasitələrinin hərəkəti, eləcə də yeni yanğınlara səbəb ola biləcək istənilən iş və ya fəaliyyət qadağan olunub.
Afina bələdiyyəsi sakinlər arasında bayğınlıq və istilik vurması hallarının qarşısını almaq üçün Yunanıstan paytaxtının mərkəzi yerlərində su təşkil edir, eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu günlərdə Yunanıstan paytaxtında olan əcnəbi turistlərə tibbi yardım göstərilən yerlər ayırıb.