SON İKİ YÜZ İLDƏ AFİNA ƏTRAFINDA İLK MƏSCİD TİKİLƏCƏK
Layihəsində nəzərdə tutulur ki, məscid dövlət hesabına tikiləcək və bunun üçün 15 milyon avro ayrılır, məscidin fəaliyyəti isə xəzinəyə ildə 300 min avrodan artıq məbləğə başa gələcəkdir.
Təhsil və din naziri Marietta Yannaku demişdir: “Beləliklə, Yunanıstan dövləti mümkün mübahisələrə qoşulmadan, məscidin tikintisi üçün bütün xərcləri öz üzərinə götürür. Bu, müsəlman və ərəb dövlətləri səfirlərinin istəyinin həyata keçirilməsi deməkdir”.
Məscid Eleonas mikrorayonunda 42 hektar sahədə tikiləcəkdir. Ölkə hökuməti Ellada pravoslav kilsəsinin baş keşişi, arxiyepiskop Xristodulun müraciətini nəzərə almışdır. O, məscidi məhz orada tikməyi məsləhət görmüşdür. Bundan əvvəl bəzi qüvvələr məscidin paytaxt Afinanın mərkəzində, Akropolun və arxiyepiskopluğun iqamətgahı yanında tikilməsində təkid edirdilər. Lakin Ellada pravoslav kilsəsi bunun qəti əleyhinə çıxmışdır.
Məscidin imamı Təhsil və Din Nazirliyi tərəfindən təyin ediləcək və əmək haqqını da ondan alacaqdır. Müsəlman dini icmasının fəaliyyətinə nəzarəti də nazirlik həyata keçirəcəkdir.
Yunanıstanda əsrlər boyu yüzlərlə məscid mövcud olmuşdur, lakin XIX əsrdə ölkə müstəqillik qazandıqdan və müsəlmanlar Yunanıstanı tədricən tərk etdikdən sonra, əslində, bütün məscidlər dağıdılmış və ya digər məqsədlər üçün uyğunlaşdırılmışdır.