Sonuncu hərbi əməliyyatlarda Azərbaycan əsgərləri böyük şücaət və mərdlik göstərdilər
Bakı, 27 aprel, AZƏRTAC
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən sonuncu hərbi əməliyyatlarda Azərbaycan əsgərləri böyük şücaət və mərdlik göstərdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 27-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) aprelin 1-dən 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulmasının qarşısının alınmasında və əks hücum əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlara həsr olunan tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və işğalçı mövqeyini davam etdirdiyini bildirib.
Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını bildirən Ə.Qənizadə deyib: “İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alınıb və bu 4 günlük müharibədə bir sıra strateji yüksəkliklər ələ keçirilib. Biz bu döyüşlərdə Azərbaycan Ordusunun düşmən üzərində həm fiziki həm də mənəvi baxımından qalib olduğunun şahidi olduq. Bu onu göstərir ki, müstəqillik dövründə əsgərlərimizdə, gizirlərimizdə, zabitlərimizdə Vətənə məhəbbət hissi formalaşıb və döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aprelin əvvəlindəki hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadirdir”.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında qeyd edib ki, böyük dövlətlərin müdaxiləsi olmasaydı, Azərbaycan Dağlıq Qarabağ müharibəsində heç vaxt məğlub olmazdı, torpaqlarını itirməzdi. O bildirib ki, sonuncu döyüşlərdə də şəhid olan hərbçilərimizin xatirəsi əbədiləşdirilməlidir.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Nizami Əliyev isə çıxışında sonuncu hərbi əməliyyatlarda Azərbaycan əsgərlərinin böyük şücaət və mərdlik göstərdiyini vurğulayıb: “Hərbi uğurlarımızdan sonra xalqımızda vətənpərvərlik ruhu daha da yüksəlib. Bizim döyüşümüz onu göstərdi ki, Ali Baş Komandanın əmri olan kimi, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını azad etməyə qadirdir”.
Tədbirdə Azərbaycan Ordusunun hərbi əməliyyatlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda bədii proqram olub.