Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soros Fondunun nəzarəti ələ keçirdiyi ölkə - Ermənistan

Soros Fondunun nəzarəti ələ keçirdiyi ölkə - Ermənistan

Bakı, 5 oktyabr, AZƏRTAC

2018-ci ildə Ermənistanda baş vermiş ermənisayağı “məxməri inqilab” bu ölkədə uzun müddətdir gizli formada cərəyan edən prosesləri gün üzünə çıxardı. Məşum inqilab ölkədəki “anti-rus əhval ruhiyyəsi”nin “anti-rus cəbhəsi”nə çevrilməsində “tətikləyici” rolunu oynamaqla rus sərmayəsinə və biznesinə yönəlik qəzəb dalğasına çevrildi. Eyni zamanda, "məxməri inqilab" nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan "Açıq Cəmiyyət Fondu - Ermənistan" (Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq bu kasıb postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazandı. Artıq Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu tək bu ölkənin daxilində deyil, xaricində də heç kəsdə şübhə doğurmur. Əslində, baş nazir N.Paşinyanın verdiyi qərarlar və kadr təyinatları da bunun əyani sübutudur.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbovanın şərhini təqdim edir.

Ermənistanın baş naziri RBK-ya müsahibəsində “Sizin Soros Fondu ilə yaxşı əlaqələriniz var. Bu, necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir” sualına “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?” şəklində cavablandıraraq Soros Fondu ilə yaxşı əlaqələrinin olmasını gizlətməyib. Burada mühüm nüanslardan biri ondan ibrətdir ki, “rəngli inqilablar”ın xaç atası Corc Sorosun fondunun 2018-ci ildən öncə də Ermənistanda fəaliyyət göstərməsi təsadüfi hesab olunmur. Çünki sözügedən fondun Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistanda yerləşərək nümayəndəlik açması, 1997-ci ildən 2018-ci ilədək 200-dən çox təşkilata 48 milyon dollardan artıq vəsait ayırması öncədən hazırlanan böyük planın tərkib hissəsi olub. Xüsusilə də, Soros Fondunun Ermənistanda müstəqil medianın inkişafı adı altında öz maraqlarına xidmət edən mediaya 5 milyon dollar vəsait xərcləməsi diqqətdən qaçmamalıdır. Əhalisinin 23 faizindən çoxu yoxsul olan Ermənistan kimi bir ölkə üçün bu, əslində, böyük rəqəmdir. Təsadüfi deyildir ki, Ermənistandakı “məxməri inqilab”dan 3 ay öncə Paşinyana və komandasına yaxın olan jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin hazırlanmasına Soros Fondu dəstək göstərib, bu təlimlərdən çıxan 50 jurnalist və 75 ictimai fəal Paşinyan “inqilabı”nın aparıcı ruporları funksiyasını yerinə yetirirdi.

Ümumiyyətlə, Ermənistanda Soros Fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kampaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə dəstək verir. Təbii ki, bu təşkilatlar illərlə fəaliyyət göstərərək N.Paşinyanın hakimiyyətə gəlişinə öz töhfələrini verdilər və bu təşkilatların rəhbərlərinin bir çoxu hazırda yeni hökumətdə yüksək vəzifələr tuturlar. Reallıq ondan ibarətdir ki, məhz Paşinyan hakimiyyətə gələndən sonra “məxməri inqilab”ın sponsorları qarşısında götürdüyü öhdəliklərini yerini yetirir və bu fondun əsas nümayəndələrinin hamısını Ermənistanda yüksək vəzifələrə təyin edir. Təsadüfi deyildir ki, artıq “sorosçular” Ermənistanda hakimiyyətin bütün qollarında möhkəmlənirlər. Bu ölkədə nazirliklər, səfirliklər, universitetlər bir-bir bu fondun nəzarətinə keçir. Məsələn, Ermənistanda Soros Fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqaməti üzrə proqramlarına görə məsul şəxs olan Sos Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində təhsil və elm nazirinin müavini vəzifəsini daşıyırdı, hazırda isə “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir. Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan isə uzun illər ərzində Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilata rəhbərlik edib və təkcə 2016-2017-ci illərdə fonddan 196 min dollar qrant alıb.

Digər bir fakt ondan ibarətdir ki, Paşinyanın “Mənim addımım” blokundan parlamentdə təmsil olunan Qayane Abramyanın “Bərabər hüquqlar naminə” təşkilatının layihələrinə Soros Fondu 2016-2017-ci illərdə 210 min dollar vəsait ayırıb. Fond tərəfindən maliyyələşdirilən çoxsaylı layihələrin rəhbəri olmuş Taqun Kazaryan da hazırda “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir.

Soros Fondunun direktorlar şurasının sədri David Xaçaturyanın qardaşı Sasun Xaçaturyan isə Ermənistanın Xüsusi İstintaq Xidmətinə rəhbərlik edir. Soros Fondu tərəfindən idarə olunan, fonddan ümumilikdə 2 milyon dollardan çox vəsait alan “Regional inkişaf mərkəzi”nin əlaqələndiriciləri və proqram rəhbərləri - Lena Nazaryan parlamentin vitse-spikeri, Liana Daltaxçyan - baş nazirin aparatının, Sarxat Petrosyan daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir. Ermənistanda ədliyyə naziri təyin olunan Rustam Badasyan barədə də mətbuatda onun namizədliyini Soros Fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyanın dəstəklədiyi barədə məlumatlar öz əksini tapıb. Həmçinin “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “İrs” partiyasının yetirməsidir. Məhz Sanasaryan Ermənistanda Rusiya səfirliyinin binasına yumurta atmaqla məşhurlaşmış şəxsdir.

Ermənistan mətbuatında yer alan məlumatların təhlili göstərir ki, baş nazir N.Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu Soros Fondunun maliyyəsi ilə fəaliyyət göstərən 14 deputat var. Bu, sadəcə, Soros Fondu ilə birbaşa bağlı olan deputatların say göstəricisidir. Fondla dolayısı ilə əlaqəsi olan deputatların sayı isə təxminən 50 nəfərə yaxındır. Ermənistanda hakimiyyətin hər 3 qolunda özünə güclü mövqe tutan “sorosçular”ın siyahısını genişləndirməkdə olar. Amma qənaətimizcə bu qədər kifayətdir.

Bütün bunlar bir daha onu göstərir ki, Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlamışdır. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda, bu günlərdə “Açıq cəmiyyət - Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Əlbəttə ki, bu yeni erməni hökumətinə verilən mənəvi həmrəylik mesajıdır. Belə bir fakt da diqqəti cəlb edir ki, Ermənistan Sorosun xüsusi dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir. Niyə başqa dövlətə yox, məhz inqilabla hakimiyyətə gəlmiş Paşinyanın Ermənistanına belə jest edildi? Çünki Ermənistanda bu fond hakimiyyətə nəzarət edir və COVID-19 pandemiyasına qarşı uğursuz mübarizə aparan baş nazir N.Paşinyanın cəmiyyətdəki nüfuzunun aşağı düşməsindən narahatdır. Hazırda Soros Fondunun İrəvan ofisi tərəfindən maliyyələşdirilən “Restart” kimi gənclər və tələbə təşkilatları Paşinyanın əsas müdafiəçilərindəndir və onun hakimiyyətinin möhkəmlənməsi üçün gənclər arasında təbliğatla məşğuldurlar.

Təhlillər onu göstərir ki, Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstərmişdir, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olub. Artıq birmənalı şəkildə deyə bilərik ki, Ermənistan Corc Sorosun idarə etdiyi ölkəyə çevrilir.

Burada ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, N.Paşinyan siyasi hakimiyyətini möhkəmləndirdikcə buna paralel olaraq həm də Ermənistan iqtisadiyyatında Corc Sorosa və ona yaxın biznes dairələrinin mövqeyini gücləndirmək yolunda mühüm addımlar atılır. Xüsusən də, Rusiyaya bağlı biznesin bu ölkədə sıxışdırılması istiqamətində incə və gizli formada plan həyata keçirilməkdədir. Bu plana görə qarşıdakı illərdə Ermənistan iqtisadiyyatında da əsas söz sahibi qərb dairələri olacaq.

Ağır iqtisadi yük və ya birtərəfli faydalanma

İlk öncə onu qeyd edək ki, bu ölkənin Rusiya Federasiyasına tarixən iqtisadi bağlılığı qarşılıqlı iqtisadi maraqlardan deyil, sadəcə, həm iqtisadi, həm də siyasi olaraq yetkin dövlətə çevrilə bilməməsindən qaynaqlanıb. Bu iki ölkənin iqtisadi əlaqələrinin təhlili də bu münasibətlərdə yalnız Ermənistanın benefisiar kimi çıxış etdiyini göstərir. Elə Rusiya Mərkəzi Bankının 2020-ci ildə açıqladğı “Rusiya Federasiyasının tədiyə balansı, beynəlxalq investisiya mövqeyi və xarici borcu” adlı illik hesabatında Ermənistana fərdi pul köçürmələri, yəni pul yardımlarının balansı da bu ölkənin Rusiyadan hansı miqyasda birtərəfli qaydada faydalandığını göstərir. Belə ki, 2018-ci və 2019-cu illərdə bu ölkəyə Rusiyadan rəsmi kanallarla, müvafiq olaraq, 1 milyard 121 milyon və 1 milyard 59 milyon dollar həcmində vəsait köçürülüb. Qarşı tərəfdən köçürülən məbləğ isə cəmi, müvafiq olaraq, 156 və 177 milyon dollar təşkil edib.

Əlbəttə, Rusiyadan digər MDB ölkələrinə də pul köçürmələri mövcuddur. Ancaq nəzərə almaq lazımdır ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) beynəlxalq platformasının da reytinqində göstərildiyi kimi, Ermənistan iqtisadiyyatının rəsmi olaraq ən azı 12 faizi, müstəqil ekspert dəyərləndirmələrinə görə isə 25 faizi pul köçürmələrindən asılıdır və bu mövqeyə görə ölkə dünyada “ən pis 26-cı iqtisadiyyat” hesab olunur.

Asiya İnkişaf Bankının 2019-cu il tarixli “Ölkənin idarəetmə riski üzrə qiymətləndirilməsi: Ermənistan” adlı hesabatında da Ermənistandan qısamüddətli miqrasiyanın səviyyəsinin yüksək olduğu və bu miqrasiyanın əsas etibarilə Rusiyaya olduğu, maliyyə yardımlarının da əsas etibarilə Rusiyadan daxil olduğu vurğulanır. Onu da qeyd edək ki, 2016-cı ildə Ermənistan iqtisadiyyatı beynəlxalq böhranın təsiri ilə iqtisadi tsiklin “dib” fazasına enərək ÜDM-in “0 faizlik artımı” ssenarisi ilə üzləşmişdi. Beynəlxalq ekspertlər böhran tsiklinin ardınca 2017-ci ildə iqtisadi tənəzzüldən “v” trendi üzrə qurtuluşun səbəbi kimi isə yalnız iki amili - xarici mühit amillərini və yüksək məcmu tələbi göstərirlər. Müvafiq hesabatda da vurğulanır ki, məhz Rusiyadan gələn pul köçürmələri məcmu istehlak tələbi və tikinti sektoruna tətikləyici təsir göstərib və nəticədə bu ölkədə yoxsulluğun azaldılması, xüsusilə kənd yerlərinin inkişafında xüsusi rol oynayıb. Aydındır ki, keynsçi iqtisada görə də məcmu iqtisadi tələbin artması iqtisadi inkişafın əsas drayverlərindəndir. Bu ölkənin 2014-cü il 27 mart tarixində təsdiq edilmiş “2014-2025-ci illərdə Ermənistanın İnkişaf Strategiyası”nda da beynəlxalq qurumlardan və Rusiya Federasiyasından daxil olan maliyyə yardımları hesabına sosial xərclərin ödənildiyi, ÜDM-in kəskin enməsi və sosial vəziyyətin tənəzzülü, işsizliyin artmasına imkan verilmədiyi öz əksini tapıb.

Təsadüfi deyildir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatında da Ermənistan iqtisadiyyatının Rusiya - əsaslı iqtisadi dəstəyə qarşı çox kövrək olduğu təsbit edilmişdir. Belə ki, MKİ tərəfindən qeyd olunur ki, bu ölkənin infrastrukturunun əksəriyyəti Rusiya investisiyasından asılıdır və ya Rusiya tərəfindən idarə olunur, nümunə olaraq isə enerji sektoru buna örnək göstərilir.

Göründüyü kimi, bu ölkə özünün iqtisadi mövcudluğunu birbaşa Rusiya Federasiyasından daxil olan yardımlara borcludur.

Bəs belə olan halda, yeni erməni hökumətinin rusofob iqtisadi siyasətinin əsasında nə dayanır?

Ermənistanın hazırkı hökumətinin Rusiyaya qarşı qəzəbli olmasını doğuran səbəbləri müxtəlif beynəlxalq hesabatlarda, bu ölkə rəsmilərinin çıxışlarında və dövlətin rəsmi siyasət sənədlərində tapmaq mümkündür. Örnək olaraq, Asiya İnkişaf Bankının 2020-ci il aprel tarixli “Asiya İnkişaf Mənzərəsi, 2020: Asiyada İnnovasiyaları nə tətikləyir?” adlı hesabatında Ermənistan iqtisadiyyatına neqativ təsir edəcək risk amillərindən biri kimi əsas ticarət tərəfdaşlarındakı (Rusiya) neftin qiymətinin kəskin düşməsi ilə yaranacaq iqtisadi çətinliklər qeyd edilir. Həmçinin bu ölkənin, əsas ixrac məhsullarından olan metal məmulatlarının yaxın dövrdə Çinə ixracının azalacağı da qeyd olunur. Beləliklə, əslində, “resurs lideri” iqtisadiyyat olmasa da, bu ölkə faktiki olaraq özünün yeritdiyi qeyri-stabil siyasət üzündən “resursların lənəti” paradoksundan əziyyət çəkməkdədir.

Ermənistanda artmaqda olan antirus mövqeyi təkcə ictimai rəyə yeridilməyib, isterik həddə çataraq iqtisadi siyasət də buna müvafiq dizayn edilib, ölkə rəsmilərinin mövqelərində açıq ifadə olunmağa başlanılıb. Örnək olaraq, Dünya Bankının “Doing Business 2020” hesabatında qeyd olunur ki, korrupsiya Ermənistanda geniş yayılmışdır və bunun da əsas səbəbi Rusiyanın bu ölkə iqtisadiyyatı və regional təhlükəsizliyi üzərindəki dominant təsirləridir. Qeyd edək ki, Dünya Bankının müvafiq hesabatında bu nəticəyə dövlət təşkilatları, biznes dairələri və geniş ictimaiyyət arasında keçirilmiş rəsmi sorğular əsasında gəlinmişdir və bu da erməni hökumətinin geniş ictimaiyyət arasında apardığı antirus təbliğatının öz nəticəsini verdiyini göstərir. Digər maraqlı bir məqam ondan ibarətdir ki, bütün faydalarına baxmayaraq, Qafqaz Tədqiqat Resursları Mərkəzinin hazırladığı "Qafqaz Barometri-2019" adlı hesabatda ermənilərin yalnız 43 faizinin Avrasiya İqtisadi Birliyinin rolunu pozitiv və ya qismən pozitiv dəyərləndirdiyi qeyd olunur ki, bu da bir daha bu ölkədə aparılan davamlı antirus ictimai təbliğatının ən bariz nəticəsidir.

Digər tərəfdən, Ermənistan və Asiya İnkişaf Bankının birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Ermənistan: Nəqliyyat və ticarətin asanlaşdırılması strategiyası, 2020-2040” sənədində də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin təkcə iqtisadi inkişaf səbəbləri ilə bağlı deyil, “xarici ticarətin diversifikasiya olunması və dolayısı ilə Rusiya faktorunun xarici ticarətdəki dominant mövqeyinin zəiflədilməsi” ilə bağlı olduğu qeyd olunur. Hesabatda vurğulanan xüsusi bir məqam isə nəqliyyat infrastrukturunun bu ölkə üçün prioritet olduğu, lakin maliyyə çətinlikləri səbəbindən istənilən kimi inkişaf etmədiyi faktıdır. Qeyd edək ki, ötən illərdə bu ölkənin xarici ölkə və beynəlxalq təşkilatlardan əldə etdiyi kreditlərin bir hissəsi də məhz bu məqsədlərə yönəldilmişdir. Bütün bunlar nəqliyyat infrastrukturunun genişləndirilməsinin də birbaşa Rusiyadan asılılığın azaldılması ilə bağlı olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondunun 2019-cu il missiyasının hesabatının analizi də Rusiyaya məxsus investorların bu ölkədə müxtəlif təqib metodları ilə sıxışdırıldığını aydın göstərir. Belə ki, hesabatda qeyd olunur ki, hökumətin antikorrupsiya əməliyyatlarının bir qolu da dağ-mədən və infrastruktur da daxil olmaqla xarici kapitallı publik və özəl kompaniyalar barədə tədqiqat aparmaqdan ibarətdir, hansı ki, bəllidir ki, burada rus kapitalı və şirkətlərinin geniş iştirakı mövcuddur və bu tədbirlər hökumətin yeni hazırladığı “2019-2022-ci illər üzrə antikorrupsiya strategiyası”nda da öz əksini tapıb və növbəti illərdə də rus investisiyasını sıxışdırma siyasətinin davam etdiriləcəyi gözləniləndir. Təsadüfi deyildir ki, birbaşa xarici investisiyaların (FDI) ölkəyə axını Rusiyadan 2019-cu ildə 33,2 milyon dollar olduğu halda, təkcə bir il öncə, yəni 2018-ci ildə Rusiyadan bu ölkəyə FDI axını 124,3 milyon dollar təşkil edib. Yaranmış mənzərə ondan ibarətdir ki, artıq yeni erməni hökumətinin yaratdığı xüsusi diskomfort şəraitdə Rusiya investisiyası bu ölkədə özünü təhlükəsiz və mənfəətli hiss etmir və təkcə bir il ərzində birbaşa investisiya axını 73 faiz azalıb. Rusiya investisiyasının sıxışdırılmasının aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu göstərən digər məqamlar da mövcuddur. Örnək olaraq, birbaşa investisiyalar 2019-cu ildə əsasən aşağıdakı sahələrə yönəldilib: elektrik və qaz istehsalı - 88,8 milyon dollar, hava nəqliyyatı infrastrukturu - 14,3 milyon dollar, dağ-mədən - 3,4 milyon dollar. Hansı ki, qaz, neft məhsulları, dağ-mədən, telekommunikasiya sahələrində Rusiya kapitallı 30-dan çox iri müəssisə fəaliyyət göstərir. Aydındır ki, hazırda bu ölkə “mötədil və gizli yerdəyişmə” vasitələrindən istifadə edərək rus kapitalının qərb ölkələrinin kapitalı ilə əvəz edilməsi istiqamətində məqsədyönlü investisiya siyasəti yeridir.

Təsadüfi deyildir ki, 2019-cu ildə Rusiya birbaşa investisiyasının bu ölkəyə həcmi kəskin azaldığı halda təkcə İtaliyadan 27,1, Almaniyadan 18,6 milyon, Argentinadan 18,8, Yunan Kiprindən 6 milyon dollar həcmində birbaşa investisiya cəlb edilib.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın yeni hökuməti uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə Rusiya investisiyasının əvəzlənməsi istiqamətində davamlı iş aparmaqdadır. Bu cür danışıqlara Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qətərın İnvestisiya Fondu, Sinqapurun Tamasek Holdinqi, Çinin CITIC Contruction kimi böyük holdinqləri ilə aparılan danışıqları göstərmək olar.

“Duopol” müttəfiq

Ermənistanın son dövrlər həyata keçirdiyi iqtisadi siyasətin təhlili də bu ölkənin necə öz iqtisadi müttəfiqlərini üz-üzə qoyduğu və qeyri-səmimi iqtisadi siyasət yeritdiyini göstərir. Avrasiya İnkişaf Bankı ekspertlərinin hazırladığı “Avrasiya İqtisadi İnteqrasiyası 2019” rəsmi hesabatında qeyd olunan təkcə bir fakt Ermənistanın bu birliyə, əslində, yalnız “ağır yük” olduğunu, “qarşılıqlı faydanın əldə olunması prinsipləri”ndən nə qədər uzaq olduğunu göstərir. Belə ki, birliyin ekspertlərinin statistik hesablamalarına əsasən 2015-2018-ci illərdə Ermənistanın Avrasiya İqtisadi Birliyi üzvü olmayan ölkələrdən idxalının 77 faizi (825 adda mal və məhsul) birlik ölkələrindən, əsasən də Rusiyadan idxal oluna bilərdi və Ermənistanın bu baxımdan Qırğızıstanla birlikdə birlik üzvləri üçün ən geniş imkanları itirən ölkə olduğu qeyd edilir.

Ermənistan statistika xidmətinin bu ilin yanvar-may üzrə məlumatlarının analizindən də görünür ki, Rusiyanın Ermənistanın ixracında payı Avropa İttifaqı və İsveçrənin ümumi payı ilə müqayisədə cəmi 15,1 faiz daha az xüsusi çəkiyə malikdir. Ancaq bu ölkənin Avropa İttifaqı və İran ilə də iqtisadi əlaqələrində səmimi olduğunu demək olmaz. Belə ki, təkcə cari ilin 5 ayı ərzində Ermənistana Avropa İttifaqının bütün ölkələrindən 302 milyon 978 min dollar həcmində, İrandan isə 98 milyon 898 min dollarlıq mal və xidmət idxal edildiyi halda, təkcə Çindən 233 milyon 97 min dollar, Türkiyədən isə 76 milyon 682 min dollar həcmində mal və xidmət idxal edilib. Açığı indiki halda bu statistika heç də təsadüfə oxşamır və qarşıdakı müddətdə müvafiq göstəricilərin daha da neqativə doğru yönələcəyini proqnozlaşdırmaq heç də çətin deyil.

Ermənistanın duopol, yəni ikiüzlü iqtisadi siyasətinə aid digər fakt ondan ibarətdir ki, Rusiya hazırda bu ölkəyə ictimai maliyyə idarəetməsi sisteminin maliyyələşdirilməsi və modernləşdirilməsi məsələsində köməklik göstərir və bu məqsədlə xüsusi qrantlar ayırmışdır. Lakin bununla belə, erməni hökuməti bu istiqamətdə də “diversifikasiya siyasəti” yeritmiş və bu tədbirlərə Amerikanın USAID təşkilatını da cəlb etməyi unutmayıb.

Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqı üçün iqtisadi qatqı vermədiyi artıq qurumun beyin mərkəzinin hazırladığı rəsmi hesabatlarda da qeyd olunur. Örnək olaraq, 2020-ci il iyun tarixli “Ermənistanın 2019-cu ildə inteqrativ inkişafında əsas trendlər hesabatı”nda qeyd olunur ki, Ermənistanın birliyə ixrac etdiyi mallar diversifikasiya edilməyib və cəmi 1 faiz çeşidi təşkil edən 27 məhsul birliyə ümumi ixracın 77,3 faizini təşkil edir. Burada da 34,1 faiz alkoqol və qeyri-alkoqol içkilərinə, eyni zamanda, meyvə-tərəvəz balıq ixracına bağlıdır, hansı ki, bunları birlik ölkələrinin öz daxili resursları hesabına istehsal və emal etmək üçün kifayət qədər imkanları mövcuddur və bununla Ermənistan birliyin iqtisadi təhlükəsizliyinə heç bir töhfə vermir. Əksinə, Ermənistanın Rusiyadan idxal etdiyi malların isə, ölkə iqtisadiyyatının iflic olmayaraq normal fəaliyyət göstərməsi üçün həyati əhəmiyyət kəsb etdiyi də aydın görünür ki, bu idxal məhsulları da əsasən enerji (neft, qaz məsulları) və ərzaq (buğda) məhsullarıdır.

Qeyd edək ki, hələ 2015-ci il yanvarın 2-də birbaşa Rusiyanın təşəbbüsü ilə dizayn edilmiş Avrasiya İqtisadi Birliyinə daxil olmaqla Ermənistan 184 milyondan çox əhalisi, 2,2 trilyon dollar həcmində ÜDM-i olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan bazarına mallarının ixracı üçün birbaşa çıxış əldə etdi. Bu isə ölkəyə ticarət əməliyyatlarında sənədləşmə, vaxt və qiymət siyasəti üzrə bir xeyli güzəştlər əldə etməyə imkan yaratdı. Hansı ki, sadalanan bu faydalar Dünya Bankının “Doing Business 2020” hesabatında da qeyd olunub.

Görünən mənzərə ondan ibarətdir ki, əldə olunan güzəştlər bu ölkəni qane etməyib və iqtisadiyyatın fundamental qanunlarına zidd, həmçinin iqtisadi müttəfiqliyə xələl gətirən addımlar davam etdirilməkdədir. Örnək olaraq, ABŞ-ın Beynəlxalq Ticarət Administrasiyasının araşdırmalarına əsasən, hazırda Amerika mal və məhsulları Ermənistan bazarında uğurlu rəqabət aparmaqda və rəqiblərini sıxışdırmaqdadır. Xüsusilə də, son 5 il ərzində Amerika investisiyaları enerji və mədən sənayesində davamlı olaraq artmaqdadır. Təsadüfi deyildir ki, hələ 2015-ci ildə ABŞ və Ermənistan arasında “Ticarət və İnvestisiya Çərçivə Razılaşması (TIFA)” sazişi imzalanmışdır və bu saziş iki ölkə arasında ticarət və investisiya məsələləri üzrə dialoq və əməkdaşlıq mühitinin inkişafını, bir-birinin biznes maraqlarını qorumağı nəzərdə tutur. 2017-ci ilin noyabr ayında isə Avropa İttifaqı ilə Ermənistan arasında “Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi” imzalandı. Bu saziş də investisiya mühiti, iş yerlərinin inkişafı və Ermənistanda Avropa şirkətlərinə əlverişli biznes şəraitinin yaradılması məsələlərini əhatə edir. Həmçinin sazişdə enerji sektoru, nəqliyyat, ətraf mühitin mühafizəsi, ticarət və investisiya sahəsində dərin iqtisadi və siyasi əlaqələrin qurulması kimi məsələlər də nəzərə alınmışdır və bu məqsədlə Ermənistan hökuməti xüsusi yol xəritəsi və komissiya yaradıb.

Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki, Ermənistanın iki birliyə eyni zamanda inteqrasiyası iqtisadiyyatın fundamental qanunları ilə də ziddiyyət təşkil edir. Belə ki, indiki Avrasiya İqtisadi Birliyi 2010-cu ildə 3 ölkə - Rusiya, Qazaxıstan və Belarus tərəfindən yaradılmış Gömrük İttifaqının daha bir üst inteqrasiya modelidir. Avrasiya İttifaqı isə indiki halda iqtisadi birlikdən daha çox ümumi bazar hesab oluna bilər. Çünki hazırda birlik daxilində vahid iqtisadi institutlar və siyasətin tətbiqindən söhbət getmir. Deməli, burada gömrük birliyindəki iki mühüm amildən-ittifaqdaxili maneəsiz ticarət dövriyyəsi və qeyri-üzv ölkələrə qarşı ticarət məhdudiyyətlərinin tətbiqi imkanlarından əlavə, üçüncü amil - işçi qüvvəsi və kapitalın sərbəst hərəkəti amili mövcuddur. Avropa İttifaqı isə monetar birliyə doğru inkişaf istiqamətində gedən iqtisadi birlik formasıdır və şərq tərəfdaşlığı ölkələrinə təklifi azad ticarət zonasının qurulmasıdır (yalnız maneəsiz ticarət dövriyyəsi). Aydındır ki, Ermənistanın Avropa İttifaqı ilə sazişi bu birliklə gələcək inteqrasiyanı özündə ehtiva edən ilkin addımlardır. Demək ki, Ermənistanın Avropa İttifaqı ilə sazişinin ittifaq tərəfindən ratifikasiyasından sonra implementasiyasında da klassik iqtisadın fundamental qanunları ilə ziddiyyət təşkil edən yeni situativ vəziyyət yaranacaqdır. Bu zaman maraqlıdır Ermənistan onu uzun illər ucuz elektrik, qaz, infrastruktur və maliyyə yardımı ilə təmin etmiş Rusiyanı və Avrasiya İttifaqını seçəcək, yoxsa hətta indinin özündə belə “bu ölkə rəsmilərinin tez-tez qeyd etdiyi kimi daha geniş imkanlar və perspektivlər vəd edən” Avropa İttifaqını? Bu ölkənin tarixinə qısa ekskursiya cavabın heç şübhəsiz Rusiya olmayacağını aydın göstərir.

Sonda onu qeyd etməliyik ki, hazırda bütün dünya pandemiyanın təsirləri ilə ciddi neqativ şoklarla mübarizə aparmaqda və böyük böhranlarla üz-üzə qalmaqdadır. Rusiya Federasiyası da bu baxımdan istisna deyildir. Gəmi fırtınaya düşəndə ağır yüklərindən qurtulmaq ən doğru çıxış yolu hesab olunur. Fikrimizcə, bu gün Rusiya üçün də çox ağır və eyni zamanda, dəyərsiz olan “erməni yükü”ndən qurtulmaq ən rasional iqtisadi seçim kimi üfüqdə parlamaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb