Sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb
Bakı, 26 iyul, AZƏRTAC
Sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayonunda yaşayan Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ellər Tağıyev Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub. Onun üzərindən 12 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və Ellər Tağıyev istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsilə “qayğı” göstərmə (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələrin yer aldığı videoşantaj üsullarından istifadə edirlər. Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrlə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər. Bu üsulla onlar zəif iradəli, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər.
Daxili İşlər Nazirliyi belə hallarla bağlı, yəni, xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmalarını xahiş edir.