Şri-Lankada fövqəladə vəziyyət elan olunub
Bakı, 6 mart, AZƏRTAC
Şri-Lanka hökuməti ölkədə müsəlman və buddist icması arasında baş verən toqquşmalarla əlaqədar bəzi bölgələrdə 10 gün müddətinə fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkədə müsəlman icması ilə buddistlər arasında ötən bir ildə müşahidə olunan toqquşmalar son günlər daha da güclənib. Bəzi millətçi buddist qrupları əhalisinin əksəriyyəti buddist olan Myanmadan qaçqın düşərək Şir-Lankadan sığınacaq istəyən müsəlmanların ölkədə varlığına etiraz edirlər. Buddistlər bundan başqa, ölkədəki müsəlmanların digər dinlərdən olanları zor gücü ilə İslama çağırdıqlarını iddia edirlər.
Hökumət rəsmisi Dayasiri Cayasekara bildirib ki, yaranmış gərginliyi nəzərə alan Şri-Lanka hökuməti fövqəladə vəziyyətin elan edilməsini qərara alıb. Bundan başqa, “Facebook” sosial şəbəkəsi vasitəsilə insanları zorakılığa çağıranlara qarşı ciddi ölçü götürülməsi də qərara alınıb. Hazırda toqquşmaların olduğu Kandi bölgəsinə hərbçilər və xüsusi təyinatlı polis qüvvələri göndərilib.
Qeyd edək ki, ötən gün müsəlmanların azlıq təşkil etdiyi bölgədə millətçi buddistlər müsəlman sahibin dükanına, məscidə və bəzi evlərə od vurublar. Nəticədə bir neçə nəfərin yaralandığı bildirilir. Ötən il müsəlman icmasına qarşı 20-ə yaxın hücum qeydə alınıb.
Müsəlmanlar 21 milyonluq Şri-Lanka əhalisinin təxminən 9 faizini təşkil edir.