Stenli Kubrikin doğum günündə “Parıltı”nın çəkilişləri barədə film nümayiş olunacaq
Bakı, 19 iyul, AZƏRTAC
Stenli Kubrikin doğum günündə rəsmi yutub kanalında “Shine On-The Forgotten Shining Location” sənədli filminin premyerası olacaq. 26 iyul 2024-cü il tarixində “The Shining” (“Parıltı”) qorxu filminin pərəstişkarları onun yaradılması barədə söz açacaqlar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, layihə mərhum rejissorun varislərinin razılığı ilə ərsəyə gətirilib. Film Maykl Şin tərəfindən səsləndirilib və o, icraçı prodüser Yan Harlan, bədii rəhbər Les Tomkins və S. Kubrikin qızı Katarina Kubrik ilə müsahibələri əks etdirir.
Filmin sinopsisinə əsasən, müsahibə verən şəxslər həmin yerləri yenidən ziyarət edəcək və hər zaman bütün dövrlərin ən yaxşı qorxu filmi kimi tanınan ekran əsəri ilə bağlı xatirələrini bölüşəcəklər. Sənədli filmdə “Parıltı”nın əsas çəkiliş yerləri nümayiş etdiriləcək və “Elstree Studios”da “Overlook” otelinin interyerinin necə yaradıldığından bəhs olunacaq. Sənədli filmin rejissoru və prodüseri Pol Kinq kinolentin pərəstişkarlarını sürprizlərin gözlədiyini deyib.
Filmdə həm də çəkilişlərin aparıldığı yerlərin tədqiqatçısı qismində çıxış edən Katarina Kubrik qeyd edib ki, “Parıltı”nın çəkilmə tarixi yaxşı sənədləşdirilib və təhlil edilib, lakin bu barədə heç vaxt söz açılmayıb. Filmdəki əsas səhnələr məhz bu yerlərdə çəkilib, ona görə də həmin məkanlara geri qayıtmaq insanda sanki filmin içinə daxil olmaq qədər dərin təəssürat oyadır”.