Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 16 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyinə martın 16-da yekun vurulub.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclərin və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyıb. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edib.
Turnirin sonuncu günündə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov turnirin qaliblərinə və onların məşqçilərinə diplomları və mükafatları təqdim edib.
Eyni zamanda, fevralda Riqada 13 ölkənin iştirak etdiyi yarışda doqquz yaşlı tennisçimiz Mərziyyə Nurmətova bürünc medal qazandığı üçün federasiya tərəfindən mükafatlandırılıb.