“Stomatoloji dayaq” layihəsi Moskvada xeyriyyəçilərin müsabiqəsində qalib gəlib
Bakı, 14 dekabr, AZƏRTAC
Moskvada dünyanın 85 ölkəsindən 400-ə yaxın xeyriyyə layihəsinin iştirak etdiyi “Biz birlikdəyik” adlı müsabiqədə tibb və sağlamlıq kateqoriyasında ölkəmizi təmsil edən “Stomatoloji dayaq” layihəsi birinci yerə çıxıb.
“Dayaq” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Stomatoloji dayaq” layihəsinin məqsədi bahalı stomatoloji xidmətlərin Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə əlçatanlığını təmin etməkdir. Həmin kateqoriyadan olan həssas təbəqəyə göstərilən sağlamlıq xidmətinin yaxşılaşdırılması, nitq qüsurlarının aradan qaldırılması, onlara estetik gözəllik bəxş edilməsi və sair kimi xidmətlərin həyata keçirilməsi layihənin başlıca prioritetidir.
“Stomatoloji dayaq” layihəsinin təsisçisi və rəhbəri diş texniki Rafael Paşayev AZƏRTAC-a deyib: “2017-ci ildə yaradılmış “Stomatoloji dayaq” layihəsi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin ailə üzvlərinə, eləcə də 44 günlük Vətən müharibəsində üz-çənə nahiyəsindən yaralanmış qazilərə “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində stomatoloji xidmətlər göstərməyə yönəldilib.
Stomatoloji peşə sahibləri və şirkətlərlə birlikdə 325 könüllü stomatoloq və diş texniki ehtiyacı olan 375 xəstəyə ümumilikdə mal və xidmətlərlə birlikdə 541 min 456 manat məbləğində tibbi yardım göstərib. Hazırda layihənin növbəti mərhələsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə stomatoloji sahədə göstərilən xidmətləri davam etdiririk”.
Layihə rəhbəri könüllü xidmətlərə görə könüllü stomatoloq və diş texniklərinə öz təşəkkürünü bildirib.