Su ehtiyatlarının qorunması həyat əhəmiyyətli məsələdir
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində su ehtiyatlarının vəziyyəti və buzlaqların öyrənilməsi məqsədilə Tufandağda aparılan ekspedisiyanın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sudan səmərəli istifadə, buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr, eləcə də çaylarda mövcud vəziyyət və ümumi müqayisələr barədə ətraflı məlumat verilib.
Tədbirdə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova həyat mənbəyi olan suya qənaət edilməsi, ondan istifadə zamanı israfcıllığa yol verilməməsi və su ehtiyatlarının qorunmasının zəruriliyini qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr barəsində məlumat verib. O bildirib ki, bu ilin avqustunda aparılan tədqiqatlar nəticəsində ölkəmizdə mövcud buzlaqların sahəsinin 2,4 kvadrat kilometr olduğu müəyyən edilib. Hidroloq ölkəmizin ərazisində dağ buzlaqlarının Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşdiyini söyləyib. Onun dediyinə görə, 1890-cı ildə səkkiz buzlağın ümumi sahəsi 4,9 kvadrat kilometr idisə, 1960-cı ildə bu, 3,2 kvadrat kilometr təşkil edib.
Hidroloq deyib: “Son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində ölkəmizin su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması müşahidə olunub. Bütün bunlar isə su ehtiyatlarının ümumilikdə azalmasına səbəb olur. Bu da gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlərin görülməsini zəruri edir”.
Mətbuat konfransında Kür çayında yerləşən hidroloji məntəqələrdə aparılan təhlillər barəsində də məlumat verilib. Qeyd edilib ki, araşdırmalara əsasən son on ildə çayda suyun səviyyəsində azalma müşahidə olunub: “Bunun əsas səbəblərindən biri də son illər dağlıq ərazilərdə yağan qar ehtiyatının normadan az olması, yağıntıların azalması və yay aylarında anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır. Hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 santimetr aşağıdır”.
Onun sözlərinə görə, son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində ölkəmizin su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması müşahidə olunub. Bütün bunlar isə ümumi su ehtiyatlarının azalmasına səbəb olur. Bu da gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlərin görülməsini zəruri edir.
Nazirlik yanında İctimai Ekoloji Şuranın üzvü Rafiq Verdiyev sudan səmərəli istifadə barədə danışarkən deyib: “Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 1 dərəcə S-yə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur. Az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir. Bunun nəticəsində əgər ötən əsrin 60-90-cı illərində su ehtiyatları 10 kubkilometrə yaxın idisə, son illərdə bu rəqəm azalaraq 9 kubkilometrə düşüb”.
Ekspertin dediyinə görə, ötən əsrin ikinci yarısı ilə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30 faizə qədər azalır və ölkəmizin ərazisinə həmin çaylarla cəmi 12-15 kubkilometr su daxil olur. Proqnoz və hesablamalara əsasən su ehtiyatlarının gələcəkdə daha da azalacağını nəzərə alaraq ölkəmizdə və qonşu dövlətlərlə transsərhəd səviyyədə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri aparılmalıdır.
Mətbuat konfransında sudan səmərəli istifadə edilməsi ilə əlaqədar videoçarx və buzlaqların son illərdəki vəziyyətini əks etdirən slayd-şou nümayiş olunub, jurnalistləri maraqlandıran suallara cavablar verilib.