Subartezian və artezian quyuları vasitəsilə ötən il Zaqatalada 1556 hektar əkin sahəsi suvarılıb
Zaqatala, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Zaqatala rayonunda 80 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 13-ü ötən il qazılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində 110 subartezian və 90 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1556 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan on minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 12,7 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 12 subartezian və 6 artezian quyusunun qazılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilib. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.
Dövlətimizin başçısı 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.