Sumqayıt, Gəncə və Naxçıvanda velosiped oğurlayan şəxslər saxlanılıblar
Bakı, 24 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rakif Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə şəhəri ərazisində E.Səidovanın və R.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 22-də şəhər ərazisində yerləşən bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.