Sumqayıt məktəbində “Yer kürəsi bizim evimizdir” adlı bayram tədbiri keçirilmişdir
Sumqayıt, 22 aprel (AZƏRTAC). Sumqayıt şəhərindəki 11 nömrəli orta məktəbdə “Yer kürəsi bizim evimizdir” adlı ekologiya və təbiətin qorunması üzrə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aprelin 22-də - Beynəlxalq Yer Günündə bu məktəbdə ekoloji yönümlü silsilə tədbirlər keçirilməsi ənənəyə çevrilmişdir. Bu il də istisna olmamışdır. Tədbirin mütəşəkkil, maraqlı və faydalı keçdiyini nəzərə alaraq deyə bilərik ki, məktəbin müəllim və şagirdləri bu bayrama ciddi hazırlaşmışlar.
Səhər tezdən, ümumməktəb sıra toplantısından dərhal sonra “Batareyanı təhvil ver - Yer kürəsini xilas et” aksiyasına start verilmişdir. Məktəblilər bu aksiya çərçivəsində istifadə olunmuş batareyaları toplayıb təhvil verirdilər. Eyni vaxtda ibtidai sinif şagirdlərinin iştirakı ilə asfalt üzərində rəsmlər müsabiqəsi keçirilmişdir.
Enerjiyə qənaət kabinetində bu gün qeyr-adi qələbəlik müşahidə olunurdu. Gənc ixtiraçılar enerjiyə qənaət və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi üzrə müxtəlif təkliflər irəli sürürdülər.
Bayram çərçivəsində təbii materiallardan hazırlanmış əl işlərinin ekspozisiyası, təbiət haqqında kitabların təqdimatı, divar qəzetləri sərgisi, habelə “Yer kürəsi Kainatın yanağında göz yaşıdır” mövzusunda bayram dərsi təşkil edilmişdi. Şagirdlər məktəbyanı sahənin yaşıllaşdırılması üzrə müəyyən işlər görmüşlər.
Xəzərin sahilində tullantıların toplanmasına həsr edilmiş fleşmob yəqin ki, uzun müddət uşaqların xatirində qalacaqdır. Bu tədbirdən sonra Sumqayıtın ən yaşıl guşəsi olan şəhər parkına üz tutan məktəblilər burada səliqə-sahman yaradılmasında fəal iştirak etmiş, parkda dincələn Sumqayıt sakinləri arasında izahat işi aparmışlar.
Tədbirə məktəbin akt zalında yekun vurulmuşdur. Aksiya çərçivəsində görülən işlər haqqında məktəblilərin özlərinin çəkdiyi slaydlar və videomateriallar nümayiş etdirilmişdir. Məktəblilərdən ibarət münsiflər heyəti müxtəlif müsabiqələrin qaliblərini təltif etmişdir.
Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Ofeliya Babayeva demişdir: “Bu ekologiya bayramı ətraf mühitin qorunması işində şagirdlərin və valideynlərin səylərini birləşdirməyə yönəlmişdir”.
Məktəb direktorunun fikrincə, bu tədbirin əsas məqsədi şagirdlərdə ekologiya və onun insan həyatında rolu barədə ilkin təsəvvür formalaşdırmaq, təbiətdə davranış qaydalarını bir daha yada salmaq, uşaqlarda ətraf mühitə qayğıkeş münasibət aşılamaqdır.