SUMQAYIT ÖZƏL KOLLECİ “İDRAK” MƏKTƏB-LİSEYƏ ÇEVRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yaranmasının 15 illik yubileyini keçən dərs ilində qeyd etmiş Sumqayıt özəl kolleci “İdrak” məktəb-liseyə çevrilmişdir. Struktur dəyişiklikləri bu tədris müəssisəsinin həm formasına, həm də məzmununa aid olmuşdur. Bu münasibətlə yeni dərs ilinin başlanması ərəfəsində, sentyabrın 13-də tədris kompleksinin təqdimat mərasimi keçirilmişdir.
Məktəb-liseyin direktoru, pedaqoji elmlər namizədi Mövsüm Alışov tədbir iştirakçılarını salamlayaraq bu dəyişikliklərin əhəmiyyəti barədə söhbət açmış, dövlətimizin, eləcə də respublika Təhsil Nazirliyinin və Sumqayıtın rəhbərliyinə şəhərdə təhsilin innovasiya metodlarının tətbiqini dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir. O, yeni yaradılmış təhsil sisteminin mahiyyəti və perspektivləri barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, təhsil şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Həsən Sadıqov və başqaları şəxsiyyətin formalaşmasında, cəmiyyətin təşəkkülündə və dövlətçiliyin möhkəmləndirilməsində təhsilin rolunu qeyd etmişlər. Natiqlər milli kadrlar bankının yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulamışlar. Məhz bu kadrlar ulu öndərin dediklərini inamla və uğurla həyata keçirir, müstəqil Azərbaycanın qüdrətini artırırlar.
Qonaqlar tədris korpusuna baxmış, təhsil şəraiti ilə tanış olmuşlar. Qeyd edək ki, bu gözəl təhsil kompleksi şəhərin mərkəzində 6 min kvadratmetr ərazidə yaradılmışdır. Tədris korpusunun dördmərtəbəli binasında şagirdlərin təhsili və asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Müasir mebellə təchiz olunmuş işıqlı auditoriyalar, ən yeni mültimedia texnikası ilə təchiz olunmuş kompyuter mərkəzi, laboratoriyalar, zəngin kitabxana heç şübhəsiz, burada tədris prosesinin uğurlu olmasını təmin edəcəkdir. Tədris kompleksinə mini-qazanxana, yeməkxana və idman zalı da daxildir. Binanın birinci mərtəbəsində yenidənqurma işlərindən sonra məktəbə hazırlıq mərhələsi rolunu oynayan uşaq bağçası təşkil edilmişdir. Uşaqlar məktəb-liseydə oxumağa hələ məktəbəqədər yaşda hazırlaşacaqlar. Məktəb-liseyin fəaliyyətinin uğurlu olmasını təmin etmək üçün müəllim heyəti gücləndirilmiş, alimlər, təcrübəli müəllimlər və tərbiyəçilər dəvət edilmişdir.