SUMQAYIT POLİSİNİN UĞURLU ƏMƏLİYYATI
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının şəhərin girəcəyində - əsasən, qaçqın və məcburi köçkünlərə məxsus kafe-kababxanaların bütöv bir şəbəkəsinin cəmləşdiyi ərazidə keçirdiyi əməliyyat zamanı ictimai-iaşə obyektlərini eyş-işrət yuvaları kimi istifadə edən şəxslər yaxalanmışdır.
İdarənin rəisi, polis polkovniki Sevindik Səfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, bu şəxslərin bəziləri ailələrini halal yolla qazancla dolandırmaq imkanınından sui-istifadə edərək, qanunu pozurlar. Belə ki, öz obyektlərini pozğunluq yuvalarına çevirmiş “Ağcabədi” və “Xatirə” kafe-kababxanalarının müdirləri Alxan Ağayev və Nadir Abbasov polis əməkdaşları tərəfindən ifşa edilərək yaxalanmışlar. Bundan əlavə, istintaq müəyyənləşdirmişdir ki, narkotik və psixotrop maddələrdən istifadə edilməsi və onların şəhərdə yayılması üçün həmin obyektlərdə hər cür şərait yaradılmışdır. İşlə əlaqədar daha iki nəfər həbs edilmişdir.
S.Səfərov demişdir ki, polis əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “milli-mənəvi dəyərlərin qorunub saxlanılması barədə” məlum bəyanatında qarşıya qoyulmuş vəzifələri yerinə yetirərək, böyüməkdə olan nəslə mənfi təsir göstərən və milli-mənəvi əxlaqımıza zərbə vuran belə halların kökünü kəsmək məqsədi ilə sistemli şəkildə reydlər keçirirlər. İdarə rəisi onu da bildirmişdir ki, 10 ayın yekunlarına görə, qeydə alınmış bütün ağır çinayətlərin üstü açılmışdır. Ümumən isə cinayətlərin açılması 98,7 faiz təşkil edir.