SİYASƏT
Sumqayıtda Azərbaycanın Dövlət Bayrağı bayramı
![](/files/galleryphoto/2013/3/1200x630/14079269401782648288_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926940653321195_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269405792644623_1200x630.jpg)
Sumqayıt, 6 noyabr (AZƏRTAC). Noyabrın 9-da Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir. Bu münasibətlə Sumqayıtda bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ənənəyə görə hər il şəhərdə Dövlət Bayrağı bayramı keçirilir. Bu, cəmiyyətin əbədi dəyərlər - vətənpərvərlik, dövlətçilik əsasında birləşməsinə kömək edir.
Bu gün Sumqayıtın əsas meydanı olan Dövlət Bayrağı meydanı xüsusi bəzədilmişdi. Buraya toplaşmış minlərlə şəhər sakini və qonaqlar meydan üzərində iftixarla dalğalanan Azərbaycan Bayrağına həsr edilmiş rəngarəng mərasimin şahidi olmuşlar. Axı bu bayramı qeyd edən hər bir kəs özünü böyük ölkənin bir zərrəsi hesab edir. Mavi rəngi türk dünyasına mənsub olduğumuzu, qırmızı rəngi tərəqqini, yaşıl rəngi İslama məxsusluğumuzu təcəssüm etdirən bu üçrəngli bayrağa həsr olunmuş mahnılar, şeirlər, musiqi nömrələri səsləndirilmişdir. Şəhər musiqi məktəblərinin ümumi xor kollektivi ölkənin bütün vətəndaşları üçün müqəddəs olan Dövlət Bayrağını, Vətəni və onun qədim mədəniyyətini tərənnüm edən əlvan, zəngin və maraqlı proqramla çıxış etmişdir. Aktyorlar Dövlət Bayrağına həsr olunmuş şeirlər söyləmişlər.
Sonra marş sədaları altında N hərbi hissəsinin əsgərləri Azərbaycanın əzəmətli bayrağını meydana gətirmişlər. Onun ardınca Sumqayıtın “Şahin” hərbi vətənpərvərlik oyununun qalibi olmuş, gənclərin respublika bayrağını göz bəbəyi kimi qorumağa hazır olduqlarını bir daha təsdiq etmiş hərbi geyimli məktəblilər mətin addımlarla meydandan keçmişlər.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Muxtar Babayev, bələdiyyələrin, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Dünyanın bütün ölkələrinin öz bayraqları və gerbləri vardır. Bunlar dövlətin fərqləndirici nişanı, onun müstəqillik rəmzidir. Müstəqil Azərbaycanın bayrağı 1920-ci ilədək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi 1918-ci il noyabrın 9-da təsdiq edilmişdir. Müstəqillik bərpa edildikdən sonra bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Fərmanına əsasən hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.