Sumqayıtda fəal gənclər mükafatlandırılıb
Sumqayıt, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
2 Fevral - Gənclər Günü münasibətilə Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin qaziləri, müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclər, könüllülər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə gül dəstələri düzüb, sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə Baş İdarənin rəisi Elgün Hümbətov gəncləri təbrik edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə Gənclər Gününün təsdiq olunması gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd olunub ki, dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə edərək özlərini doğruldurlar.
Elgün Hümbətov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatında gənclərin qəhrəmanlıqlarından və tarixi qələbənin əhəmiyyətindən danışıb. Bildirib ki, uğurlarımızın ən başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və milli birlik siyasətidir.
Sonda 2020-ci il - Könüllülər ili ərzində şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Baş İdarənin fəxri fərmanları təqdim olunub.