Sumqayıtda peşə təhsili alanlar bilik yarışında sınanıblar
Sumqayıt, 17 dekabr, AZƏRTAC
Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin tələbələri arasında bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə şəhərdə fəaliyyət göstərən peşə təhsili müəssisələri tələbələrindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” intellekt oyunu təşkil olunub.
Xidmət sahələri, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil və İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzlərini əhatə edən bilik yarışının məqsədi tələbələrin könüllülük fəaliyyətinə həvəsləndirilməsi, intellektual və yaradıcılıq potensiallarının üzə çıxarılması və onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Yarışın yekun nəticəsinə əsasən I yerə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzinin “Tesla”, II yerə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Gənclər”, III yerə isə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzinin “Winners” komandaları layiq görülüb.
Qalib komandalar Baş idarənin fəxri fərman, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub.