Sumqayıtın gənc ekoloqlarının yeni aksiyası
Sumqayıt, 11 may (AZƏRTAC). Sumqayıtda yeni aksiya hazırlanır. Bu barədə təşəbbüsü şəhərin bir qrup gənc ekoloqu irəli sürmüşdür. Atmosferin çirklənməsinin azaldılmasına yönəlmiş bu aksiya cari ilin sentyabr ayında başlanacaqdır. Hər bir məktəbdə polietilen qutular qoyulacaq, istifadə edilmiş elektrik batareyaları həmin qutuların içərisinə yığılacaqdır.
Batareyalardan geniş istifadə edilməsi bir sıra ekoloji problemlər yaratmışdır, toksik metallarla çirklənmə problemi bu qəbildəndir. Məlumdur ki, hər hansı batareyanı müəyyən müddətdən sonra atmaq lazım gəlir. Elə bu vaxt ətraf mühit və insanların sağlamlığı üçün potensial təhlükə ilə əlaqədar problemlər başlanır. Adətən istifadə edilmiş batareyalar zibil konteynerlərinə atılır və onlar digər məişət tullantıları ilə birlikdə şəhər zibilxanalarına düşür.
Şəhərin tullantılarının basdırılması üçün nəzərdə tutulan poliqon müasir filtrasiya müdafiəsi ilə təchiz edilmədiyindən, batareyaların korpusu dağılandan sonra onların içərisindəki maddələr maneəsiz şəkildə qrunt sularına düşə bilər. Bundan əlavə, batareyaların tərkibində olan ağır metallar insan orqanizmində yığılıb qalır. Gənc ekoloqlar xidmət müddəti başa çatmış batareyaların bəzi növlərində olan qurğuşun, civə və kadmium kimi təhlükəli elementlərin ətraf mühitə düşməsinin qarşısını almaq məqsədilə onların emal edilməsi və ya lazımınca utilləşdirilməsinin təşkil edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətindən kömək istəmişlər.
ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, “Azərikimya” istehsalat birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt təhsil şöbəsinin müdiri Vidadi Bağırov, eləcə də Almaniyadan gəlmiş qonaqlar - bu ölkənin Federal Ekologiya Nazirliyinin və Sumqayıtın tərəfdaşı olan Lyudviqshafen şəhərinin nümayəndələri uşaqların bu təşəbbüsünü dəstəkləyərək aksiyanı imzaları ilə təsdiqləmişlər.
Xatırladaq ki, “Təmiz şəhər” şüarı altında keçirilən aksiyanın təqdimat mərasimi “Azərikimya” İstehsalat Birliyinin himayəsi ilə təşkil edilmiş məktəblilərin ekologiya sərgisi zamanı keçirilmişdir. Yeri gəlmişkən, hazırda Avropa İttifaqının üzvü olan ölkələrin yalnız altısında - Belçika, İsveç, Avstriya, Almaniya, Niderland və Fransada istifadə edilmiş batareyalar üçün xüsusi konteynerlər qoyulması müəssisələrə qanunvericilik qaydasında tapşırılmışdır.
######
