Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026" çərçivəsində "Süni intellekt və fundamental hüquqlar" adlı ikinci panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya Amerika Vəkillər Assosiasiyasının üzvü Yunis Nəsibov moderatorluq edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin müəllimi Kamil Dəmirli vurğulayıb ki, süni intellekt sistemi müxtəlif mənbələrdən məlumat toplaya bilər. ”Süni intellekt sisteminin böyük həcmdə şəxsi məlumatları toplaması və emal etməsi mümkündür. Bu isə həmin məlumatlardan sui-istifadə edilməsi riskini yaradır. Düşünürəm ki, bu, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması hüquqlarına təsir göstərir", - deyə o vurğulayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Hüquq departamentinin Korporativ hüquq qrupunun rəhbəri, vəkil Mübariz Əliyev çıxışında diqqətə çatdırıb ki, süni intellektin fundamental hüquqlarla bağlı əsas mənzərəni köklü şəkildə dəyişdiyini demək olmaz: "Bu hüquqlar istifadə edilən texnologiyadan asılı olmayaraq qüvvədədir. Başqa sözlə, qərarın insan, maşın və ya alqoritm tərəfindən qəbul edilməsindən asılı olmayaraq, həmin hüquqlar tətbiq edilir. Buna görə də onlar texnologiyadan asılı olmayan neytral hüquqlardır. Lakin düşünürəm ki, burada müzakirə edə biləcəyimiz əsas məsələ süni intellektin fundamental hüquqlara necə təsir göstərməsidir. Belə ki, süni intellekt mövcud fundamental hüquqlara təzyiq göstərir. Bu təzyiq isə həmin hüquqların tətbiq dairəsi və qaydaları baxımından yeni formalar almasına səbəb olur".
Hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanov bildirib ki, kibertəhlükəsizlik baxımından süni intellekt əksər hallarda hücumların imkanlarını və təsir gücünü artıran bir vasitədir. Çünki o, hücumları daha sürətli həyata keçirməyə, onların miqyasını genişləndirməyə və daha inandırıcı etməyə imkan verir: "Məsələn, süni intellekt hücum edən şəxslərə bu prosesi avtomatlaşdırmaqda kömək edir. Onlar hədəflərini təhlil etmək, aldatma üsullarını və taktikalarını daha inandırıcı etmək üçün süni intellektdən istifadə edə bilərlər. Bundan əlavə, hücum edənlər müxtəlif şəxsləri və qurumları aldatmaq üçün süni intellektdən geniş istifadə edirlər. Onlar saxtakarlığı aşkar etməyi daha da çətinləşdirmək məqsədilə saxta şəkillər, videolar, audio materiallar və səslər yaradırlar. Bu baxımdan süni intellekt vasitəsilə yaradılan məzmun şəxsi həyatın toxunulmazlığını, insan ləyaqətini və nüfuzunu poza bilər".
Panel müzakirə sual-cavab sessiyası ilə işini yekunlaşdırıb.