Şuşakənd, Badara, Həsənriz və Vəngli kənd sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Şuşakənd, Badara, Həsənriz və Vəngli kəndlərinə köçürülən ailələr arasında keçirilib.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.