SVANTE KORNELL: ABŞ AZƏRBAYCANDAKI SİYASİ PROSESLƏRİ TƏHLİL EDƏRKƏN DİQQƏTİ YALNIZ SEÇKİLƏRDƏ CƏMLƏŞDİRMƏMƏLİDİR
Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun tədqiqatçı direktoru, seçkilərdə müşahidəçi qismində iştirak edən Svante Kornell hesab edir ki, rəsmi Vaşinqton Azərbaycandakı siyasi prosesləri dərindən təhlil etməlidir. ABŞ yanlış olaraq diqqətini yalnız seçkilərdə cəmləşdirir. Seçkiarası illərdə baş verən proseslərə əhəmiyyət verilmir. O demişdir: “Məncə, ABŞ və beynəlxalq birliyin digər üzvləri Azərbaycanda həm hökumət, həm də müxalifət daxilindəki islahat ruhlu qüvvələrlə işini davam etdirməlidir. Bu islahatlar ən əvvəl hüquq mühafizə orqanlarında aparılmalıdır. Qanunun aliliyi möhkəmlənməmiş islahatların həyata keçirilməsi mümkün deyildir”.
Müzakirələrdə çıxış edən digər natiqlər də - Heritec Fondunun bölgəmiz üzrə aparıcı tədqiqatçısı Ariel Kohen, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının beynəlxalq siyasət üzrə direktoru Ronald MakNamara, enerji məsələləri üzrə məsləhətçi Adil Bağırov noyabrın 6-da Azərbaycanda seçki məntəqələrində olmuşlar. Ümumi rəy budur ki, səsvermə prosesi qaydasınca keçmişdir. Seçki ərəfəsində Prezident İlham Əliyevin verdiyi seçkiqabağı kampaniya və səsvermə prosesinə texniki əlavələr haqqında Sərəncamlar yüksək qiymətləndirilir. Eyni zamanda bildirilir ki, bir sıra yerli icra orqanları Prezidentin Sərəncamlarına əməl etməməklə Azərbaycanın beynəlxalq imicinə xələl gətirmişlər.
Çıxış edənlər müxtəlif müşahidəçi qrupların yekun rəylərinə də toxunmuşlar. Onların sözlərinə görə, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıranlar unutmamalıdır ki, belə addım ölkədə demokratiyanın inkişafına deyil, əksinə, onun qarşısının alınmasına xidmət edir. Təhlilçilər ABŞ-ı Özbəkistandakı səhvləri Azərbaycanda təkrar etməməyə çağırmışlar.