Tacikistan nümayəndə heyətinə Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verilib
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Tacikistan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini Amirxon İşoqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ali Məhkəməsində olub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nümayəndə heyətinə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Ali Məhkəmə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır, rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə inteqrasiyası istiqamətində fəal işlər aparır.
Nümayəndə heyətinin rəhbəri Amirxon İşoqi isə öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Qeyd edilib ki, Azərbaycan ilə Tacikistan arasında digər istiqamətlərdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq uğurla inkişaf edir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.