Tacikistanda Ulu Öndərin anadan olmasının 93-cü ildönümü qeyd edilib
Düşənbə, 15 may, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Tacikistan parlamentinin deputatları, Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov, Düşənbədə akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirliyin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulub, böyük siyasətçinin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov ulu öndər Heydər Əliyevin mənalı həyat yolu haqqında ətraflı məlumat verib. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən diplomat Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimizin inkişafı istiqamətindəki fəaliyyətindən söhbət açıb.
Ulu öndər Heydər Əliyevin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyini xatırladan səfir deyib ki, məhz bu böyük siyasətçinin təşəbbüsü ilə hər il ölkənin qabaqcıl təhsil ocaqlarına yüzlərlə azərbaycanlı tələbə göndərilirdi. Ulu Öndər hərbi sahədə kadr çatışmazlığını həll etmək üçün bu gün də uğurla fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıb. Azərbaycan ordusunun aparıcı zabitləri, generallar bu məktəbin məzunlarıdır.
Səfir qeyd edib ki, 1993-cü ildə Azərbaycan siyasi xaosla üzləşmiş, vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etidyi illər ərzində ölkəmiz yenidən dirçəlməyə başladı, 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişi imzalandı. Həmin il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə müstəqil Azərbaycanın gələcək inkişafının əsasını qoyan “Əsrin müqaviləsi” imzalandı. Sevindirici haldır ki, Azərbaycan bu gün sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib.
Tacikistanın sabiq mədəniyyət naziri, akademik Karamatullo Olimov 2002-ci ildə Bakıda MDB Mədəniyyət Nazirlərinin toplantısında Heydər Əliyevlə görüşünü xatırladaraq deyib: “Bu böyük siyasətçidə geniş dünyagörüşü, böyük iş təcrübəsi, uzaqgörənlik kimi nadir cəhətlər gördüm. Belə xüsusiyyətlər məhz böyük şəxsiyyətlərə xasdır”.
Özbəkistanın Tacikistandakı səfiri Şohqasım Şoislomov, BMT-nin İnkişaf Proqramının milli məsləhətçisi Anatoli Holmatov və başqaları Heydər Əliyevi böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi kimi xarakterizə ediblər.
Sonra Abbasəli Həsənov ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə jurnalistlər arasında “Heydər Əliyev - müasir Azərbaycanın memarı və qurucusu” mövzusunda keçirilən ənənəvi müsabiqənin nəticələrini elan edib, qaliblərə və digər iştirakçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə