Tacikistandakı referendumla bağlı Bakıda keçirilən səsvermədə heç bir qanun pozuntusu qeydə alınmayıb
Bakı, 23 may, AZƏRTAC
Mayın 22-də Tacikistan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumun təşkili və səsvermənin keçirilməsinin müşahidəsi məqsədilə seçkilər və referendumların keçirilməsi üzrə Tacikistan Respublikasının Mərkəzi Komissiyası tərəfindən beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının əməkdaşları Tacikistanın Azərbaycandakı səfirliyində təşkil olunmuş 54 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.
MDB PAA DİMBİ Bakı filialından AZƏRTAC-a bildiriblər ki, saat 20:00-dək davam edən səsvermədə 84 əsas, üç nəfər isə əlavə siyahı üzrə səs verib. Beş nəfərdən - sədr, katib və üç üzvdən ibarət olan seçki komissiyası tam tərkibdə fəaliyyət göstərib, seçki məntəqəsi azad, sərbəst və gizli səsvermə üçün tələb olunan bütün lazımi resurslarla təmin edilib. Səsvermə prosesinə hər-hansı müdaxilə, yaxud təzyiq halları qeydə alınmayıb.
Bununla yanaşı, MDB PAA DİMBİ Bakı filialının əməkdaşları seçki məntəqəsində səsvermənin nəticələrinə təsir edə biləcək pozuntu halları müşahidə etməyiblər.