SİYASƏT
Tahir Kərimli: Prezident İlham Əliyevin dünyada dəyişməyən xarizması var
![Tahir Kərimli: Prezident İlham Əliyevin dünyada dəyişməyən xarizması var](/files/2023/1/1200x630/16739431182814356407_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Bildiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanda yaşıl enerjinin inkişafı, eləcə də dayanıqlı inkişafın perspektivləri, Avropaya neft, qaz və enerjinin ixrac olunması ilə bağlı ölkəmizin gördüyü və görəcəyi işlər haqqında ətraflı məlumat verdi. Azərbaycanın ərəb dövlətləri ilə çox gözəl münasibətləri var. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədridir. Demək olar ki, bütün ərəb ölkələri bu birliyin üzvüdür və onlar beynəlxalq çərçivədə bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, sonuncu dəfə Fransa BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizi ilə bağlı məsələ qaldırdıqda məhz Birləşmiş Ərəb Əmirlikləri buna ciddi şəkildə etiraz etdi. Bunun nəticəsində Fransa öz təklifini geri çəkdi. Prezident İlham Əliyev çıxışlarında Qoşulmama Hərəkatının üzvlərinin bu cür hərəkətlərini daim yüksək qiymətləndirir və onlara xüsusi təşəkkürünü bildirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib.
Deputat deyib: “Ümumiyyətlə, ölkəmizin ərəb dövlətləri ilə münasibətləri çox yaxşıdır. Azərbaycan Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrə malikdir. Keçən il ticarət dövriyyəmizin saldosu müsbət olub. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda yaşıl enerji istehsalı ilə bağlı proqramlar həyata keçirir və investisiyalar yatırır. Həmçinin dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi və bu dəvət minnətdarlıqla qəbul olundu. Bu, münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyini göstərir”.
Deputat bildirib ki, bu gün dayanıqlı inkişafa dair konfransda bütün müsəlman dövlətlərinin rəhbərləri iştirak etmirdilər. Bu da Azərbaycan Prezidentinə verilən böyük qiymətdir. Artıq Azərbaycanın və Prezident İlham Əliyevin dünyada dəyişməyən xarizması var və bununla da ölkəmizə xüsusi ehtiram göstərilir. Bu, Azərbaycanın xarici siyasətinin təməl daşlarından biridir.
“Bütövlükdə, Azərbaycan və ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri bütün beynəlxalq platformalarda bir-birini müdafiə edir və bu, davam edəcək, dostluq, qardaşlıq getdikcə inkişaf edir. Hətta rəsmi şəxslərin dialoqunda belə bu sözlər söylənilir. Hesab edirəm ki, ərəb dövlətləri ilə möhkəmlənən əlaqələr, inkişaf edən əməkdaşlıq Azərbaycanın beynəlxalq uğurlarını daha da artıracaq”, - deyə Tahir Kərimli diqqətə çatdırıb.