Tailandda COVID-19 virusuna sutkalıq yoluxmada antirekord qeydə alınıb
Pekin, 25 iyul, AZƏRTAC
Tailandda ötən sutka COVID-19 virusuna 15 min 335 yoluxma qeydə alınıb. Bu, Tailandda indiyədək sutkalıq ən yüksək yoluxma rəqəmidir.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, ötən sutka virus səbəbindən 129 ölüm aşkarlanıb. Artıq 9 gündür sutkalıq yoluxma sayı 10 mindən çox olub. Bir neçə gündür tətbiq olunan xüsusi karantin rejimi də yoluxmaların sayının azalmasına müsbət təsir etməyib. Hətta həbsxanalarda da yoluxmaların sürətlə çoxaldığı bildirilir. Ötən sutka 641 yoluxma məhz cəzaçəkmə müəssisələrində aşkarlanıb. Məbədlərin nəzdində fəaliyyət göstərən təxminən 600 krematoriya virus səbəbindən ölənlərin meyitlərinin kremasiyasını ödənişsiz qaydada həyata keçirəcəklərini açıqlayıb.
Tailandda hazırda epidemik vəziyyətdən asılır olaraq ölkə “tünd qırmızı”, “qırmızı”, “çəhrayı” və “sarı” zonalara bölünərək, fərqli karantin tədbirləri tətbiq olunur. Paytaxt Banqkok da daxil olmaqla “tünd qırmızı” zonaya da daxil olan yaşayış məntəqlərində səhər saat 9:00-dan 16:00-dək “evdə qal” rejimi tətbiq olunur, 5 nəfərdən çox insanın toplaşması, ticarət mərkəzlərinin, gözəllik salonlarının fəaliyyəti, şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.
Hökumət vaksinasiyanı sürətləndirmək üçün ölkədə istehsal olunan "AstraZeneca" peyvəndinin ixracını məhdudlaşdırıb. Səhiyyə işçilərinə 3 doza vaksinin vurulmasına qərar verilib.
Qeyd edək ki, hazırda pandemiyanın ən ağır dalğasının müşahidə olunduğu Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Hökumət bu səbəbdən mobil xəstəxanaların və müvəqqəti karantin mərkəzlərinin inşasına başlayıb. Təkcə paytaxtda 20 müvəqqəti özünütəcrid mərkəzi fəaliyyət göstərəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin