TANINMIŞ ŞAİR, TƏRCÜMƏÇİ SİYAVUŞ MƏMMƏDZADƏNİN 75 İLLİYİ QEYD EDİLMİŞDİR
Bakı, 4 oktyabr (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair-tərcüməçi, Əməkdar İncəsənət Xadimi Siyavuş Məmmədzadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, AYB-in sədri, Xalq Yazıçısı Anar, bu qurumun katibi, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Siyavuş Məmmədzadənin həyat və yaradıcılığından danışmışlar.
Bildirilmişdir ki, ədəbi yaradıcılığa 1958-ildə “Sınaq” şeiri ilə başlayan S.Məmmədzadə tərcüməçi kimi də qələmini sınamış və uğur qazanmışdır. Onun poeziya, nəsr, publisistika sahəsində bədii tərcümələri qısa müddətdə müəllifinə şöhrət gətirmişdir. O, Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə, rus, bolqar, Ukrayna, polyak və s. dillərdən isə ədəbi əsərləri Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etmişdir.
Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, AYB-in məsul işçisi Nazim İbrahimov, Xalq Artisti, bəstəkar Tofiq Bakıxanov tədbirdə çıxış edərək S.Məmmədzadənin rus dilində nəşr olunmuş “Nebo”, “Tverskoy bulvar”, “Samoutverjdeniye”, “Noçnıye yabloki”, “Komedantskiy ças”, “Vremya sobirat kamni”, Azərbaycan dilində “Bir yuxusuz gecə”, “Günəşə baxan insanlar”, “Həqiqət sorağında. Mirzə Kazım bəyin ömür yarpaqları” və s. kitablarının oxucular tərəfindən rəğbətlə qarşılandığını bildirmişlər.
Tədbirdə qeyd edilmişdir ki, Siyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatı və tərcümə sənəti sahəsindəki xidmətlərinə görə Rusiyanın ölkəmizdəki səfirliyinin, “Azərbaycan-Ukrayna Dostluğu” Xeyriyyə Cəmiyyətinin xüsusi mükafatlarına və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Sonda S.Məmmədzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.