Tarix İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də AMEA-nın Tarix İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclas Milli Qurtuluş Gününə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürov Milli Qurtuluş Günü ilə bağlı geniş məlumat verərək Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi günün dövlət bayramı kimi qeyd edilməsinin dərin kökləri olduğunu vurğulayıb. Kərim Şükürov Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. O, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Tədbirdə institutun icraçı direktoru İlqar Niftəliyev çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını diqqətə çatdırıb.
Elmi şuranın iclasında filologiya elmləri doktoru, professor Tofiq Məlikli çıxış edərək Azərbaycan tarixini öyrənməyin, tarixi yaddaşımızı möhkəmləndiməyin, həqiqəti dünyaya çatdıra bilməyin, milli mənafeyimizi hər şeydən üstün tutmağın vacibliyini qeyd edib.
Sonra iclasın gündəliyinə əsasən, institutun struktur tərkibində edilmiş dəyişiklik diqqətə çatdırılıb. Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibində olan “Tarixi etnoqrafiya”, “Müasir dövr etnoqrafiyası” və “Türk xalqlarının etnoqrafiyası” şöbələri Tarix İnstitutunun tərkibinə verilib.
Sonda cari məsələlərə baxılıb.