Tarix Muzeyinə şəhid və qazilərin şəxsi əşyaları təhvil verilib
Bakı, 2 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə ikinci Qarabağ müharibəsinin şəhid və qazilərinin əşyaları təhvil verilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, İkinci Qarabağ müharibəsinin qaziləri Səbuhi Fərəcov və Yusif Fərəcovun, şəhid Xaliq Hüseynovun şəxsi əşyaları muzeyin əməkdaşı Zülfiyyə Cəlilova tərəfindən muzeyə təhvil verilib.
Səbuhi Fərəcov Vətən müharibəsi günlərində Kəlbəcər rayonunun 72 kəndinin azad olunmasında igidliklə döyüşüb, qəlpə yarası alıb. İlkin tibbi yardım alan S.Fərəcov arxa cəbhəyə göndərilməkdən imtina edərək yenidən döyüşə qatılıb. O, göstərdiyi qəhrəmanlığa görə Fəxri fərmanla təltif olunub.
Yusif Fərəcov Vətən müharibəsində Ağdərə-Suqovuşan döyüşlərində xüsusi təyinatlıların kəşfiyyatçısı olub. Suqovuşanda bayraq sancılmasında iştirak edib. “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
İkinci Qarabağ müharibəsinin şəhidi Xaliq Hüseynov 2020-ci il yanvarın 27-si həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayan zaman Ağcabədi, Goranboy, Suqovuşan, Füzuli və Cəbrayılın alınmasında döyüşüb. Kəlbəcərin Keçəltəpə kəndində qəlpə yarası alaraq oktyabrın 16-da şəhid olub. “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.