Tbilisi Dövlət Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə seminar keçirilir
Tbilisi, 4 aprel, AZƏRTAC
Tbilisi Dövlət Universitetində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Davamlılığın gücləndirilməsi - hamı üçün əlçatanlığı təmin edən Şərq Tərəfdaşlığı" adlı ikigünlük seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Kornely Kakachia, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, ADA universitetinin professoru Nərgiz İsmayılova və digər rəsmi şəxslər, siyasətçilər, elm xadimləri iştirak edirlər.
Tədbirdə qeyd edilib ki, Avropa İttifaqı yüksək iddialı əməkdaşlıq gündəliyi hazırlasa da, hazırkı təlatümlü geosiyasi və iqtisadi dinamika praktikaların dəyişdirilməsini və Şərq regionu ilə daha fəal əlaqəni tələb edir. Siyasət Dizayn Seminarı (PDW) Gürcüstan, Azərbaycan və Ukraynadan olan dövlət qulluqçularını, siyasətçiləri, siyasi analitikləri, alimləri və gənc tədqiqatçıları bir araya gətirərək Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə bağlı yeni siyasət məqsədlərini araşdıracaq.
Seminarda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı arasında əlaqələrin müxtəlif aspektləri araşdırılacaq və qrup qarşılıqlı əlaqələri ilə standart təqdimat formatlarını özündə birləşdirən multidisiplinar formatda tərtib olunacaq.
Müzakirə mövzularına qarşıdan gələn Avropa Parlamenti seçkiləri, bəzi Şərq Tərəfdaşlığı ölkələri tərəfindən əldə edilmiş üzvlüyə namizəd statusu kontekstində Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin aktuallığı, İttifaqın regionda təhlükəsizlik təminatçısı kimi rolu, irəliləyiş üçün istiqamətlər və sektorlar da diqqət mərkəzində olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi