Tbilisidə cüdo üzrə Avropa çempionatı açıq elan olunub
Tbilisi, 17 aprel, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir bədii hissə ilə başlayıb. Gürcüstanın rəqs ansamblı milli musiqi sədaları altında ənənəvi çıxışlar nümayiş etdiriblər.
Sonra Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və Gürcüstan Cüdo Federasiyasının prezidenti Levan Nozadze çıxış ediblər. Onlar yarışın əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıblar. Sonra çempionat açıq elan olunub.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
Müxbir - Aynur Əlixanlı