TBİLİSİDƏ “ƏNƏNƏVİ DİNİ TƏLİMLƏRDƏ QADINLARIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Ümumgürcüstan Katolikos-Patriarxı II İlya konfransı açaraq, müasir cəmiyyətdə qadının rolundan, onun ölkəsində qadın anaya həmişə böyük hörmət bəsləndiyindən danışaraq, xatırlatmışdır ki, gürcü kilsəsinin əsası məhz qadın – Müqəddəs Nino tərəfindən qoyulmuş və onun inkişafında qadınlar müstəsna rol oynamışlar. O, konfransın müsbət nəticələr verəcəyinə, cəmiyyətdə, ailədə və dində qadının rolu və yeri məsələlərinə aydınlıq gətiriləcəyinə əminliyini söyləmişdir.
Gürcüstan parlamenti kitabxanasının direktoru, Gürcüstan Patriarxlığı Ensiklopediya Mərkəzinin rəhbəri Zaza Abaşidze ölkədə qadının yüksək rolu olduğunun əyani nümunəsi kimi ali qanunverici orqanına son bir neçə il ərzində Nino Burcanadzenin sədrlik etməsi faktını vurğulamışdır.
Nino Burcanadze layiqli nəsil yetişdirilməsində qadının üzərinə şərəfli məsuliyyət düşdüyünü qeyd edərək, təəssüflə bildirmişdir ki, bütün dinlərdə qadının adı müqəddəs varlıq olaraq hörmətlə çəkilsə də, o, hələ də zorakılıq, insan alveri kimi bəlalardan xilas olmayıbdır. Burcanadze onun ölkəsinin zorakılığa qarşı birgə mübarizədə marağı olanlarla əməkdaşlığa hazır olduğunu nəzərə çarpdırmışdır.
Azərbaycan nümayəndə heyətinin başçısı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə çıxışında bu məclisi dinlər və xalqlar arasında qarşılıqlı anlaşmaya və etimada doğru yeni addım kimi qiymətləndirən Prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını iştirakçılara yetirmiş, özünə əziz qardaş və müdrik ağsaqqal saydığı Ümumgürcüstan Katolikos-Patriarxı II İlyaya onu konfransa dəvət etdiyinə görə minnətdarlığını bildirmişdir. Şeyxülislam Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında səmərəli əməkdaşlıqdan və xalqlarımız üçün aktual problemlərin həlli yollarının işlənib hazırlanmasında bu əməkdaşlığın gözəl bəhrə verdiyindən söhbət açmışdır. O, xalqlararası əməkdaşlıqtək dinlərarası əməkdaşlığın da Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya kimi ağrılı-acılı problemlərin haqq-ədalətlə həllinə təkan verə biləcəyinə əminliyini vurğulamışdır.
İranın Qafqazdakı mədəni nümayəndəliyinin rəhbəri Əli Əkbər Ocaq Nəcdət, Rus Pravoslav Kilsəsi Patriarxlığının ictimaiyyətlə əlaqələr şöbəsinin katibi dyakon Mixail Dudko, Türkiyənin Rumıniyada dini işlər üzrə nümayəndəsi, Artivin şəhər müftisinin müavini Əhməd Ərdəm və başqaları konfransda qadının müasir cəmiyyətdə rolu və vəzifələri barədə çıxış etmişlər.
Konfransda “Quranda gender bərabərliyi məsələsi”, “Quranda Müqəddəs Məryəm obrazı”, “Pələng dərisi geymiş pəhləvan”da qadın hakimiyyəti sxemləri”, “Gürcüstan Pravoslav Kilsəsində qadın obrazı”, “İslamda qadın” və digər mövzularda da məruzələr dinlənilmişdir.
Sonda dünyanın xoşməramlı insanlarına müraciət qəbul olunmuş və bununla da konfrans başa çatmışdır.