TDƏŞ ilə BMT-nin alt qurumu arasında əməkdaşlıq sənədi imzalanıb
İstanbul, 24 may, AZƏRTAC
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Avropa və MDB (RBEC) üzrə regional bürosu arasında əməkdaşlıq sənədi imzalanıb.
Sənədi TDƏŞ-in baş katibi Ramil Həsənov və BMT baş katibinin köməkçisi, RBEC-in baş direktoru xanım Ayşə Cihan Sultanoğu imzalayıblar. İmzalanma mərasimində Macarıstanın Ankaradakı səfiri Gabor Kıss, Qazaxıstanın İstanbuldakı baş konsulu Yerkebulan Sapiyev, TDƏŞ-ə üzv ölkələrin İstanbuldakı baş konsulluqlarının əməkdaşları, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Mərasimdən sonra Ramil Həsənov və Ayşə Cihan Sultanoğu BMT-TDƏŞ əməkdaşlığının önəmindən bəhs ediblər. Əminliklə bildirilib ki, imzalanmış sənəd BMT-TDƏŞ əlaqələrinin inkişafına təkan verəcək, tərəflər üçün qarşılıqlı faydalı olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul