TDT QHT Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH
Bakı, 3 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi və aktiv iştirakı ölkəmizdə qeyri-hökumət təşkilatlarının da fəaliyyətinin güclənməsinə təkan verib. Artıq bu təşkilatlar yalnız daxili forumlarda və tədbirlərdə iştirak etməklə kifayətlənmir, həmçinin genişmiqyaslı beynəlxalq platformalar qurmağa başlayıblar. Belə platformalardan biri də Türk Dövlətləri Təşkilatının qeyri-hökumət təşkilatları forumudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Fuad Kərimli söyləyib.
Onun sözlərinə görə, Forumun ilk dəfə Azərbaycanda təşkil olunması ölkəmizin Türk Dövlətləri Təşkilatında aparıcı rolunu bir daha təsdiqləyir.
“Forum göstərir ki, Azərbaycanın Mərkəzi Asiya və Avropada artan nüfuzu qeyri-hökumət təşkilatlarına beynəlxalq əlaqələr qurmaq və belə tədbirləri təşkil etmək imkanı yaradır. Qeyri-hökumət təşkilatları bu prosesdə fəal iştirak edərək qarşıya çıxan çağırışların öhdəsindən gəlirlər. Bu Forum yalnız əməkdaşlıq üçün bir platforma deyil, həm də real fəaliyyət mexanizmlərinin yaradıldığı məkandır. Forumun Azərbaycanda keçirilməsi Şərq ilə Qərbi birləşdirən ölkə kimi Azərbaycan üçün böyük simvolik əhəmiyyət daşıyır”, - deyə siyasi şərhçi vurğulayıb.
F.Kərimli, həmçinin bildirib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bu Forum vasitəsilə müxtəlif ölkələri bir araya gətirə, onların üzləşdiyi problemlərin həllinə imkan yarada bilərlər. Bu isə gələcək 4-5 il üçün geniş perspektivlər vəd edir. Azərbaycanda artıq bir neçə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı mövcuddur ki, onlar bu təşəbbüsdə aparıcı rol oynayaraq, əvvəllər belə təşəbbüsləri olmayan ölkələri bir araya gətirmək potensialına malikdirlər.