TDT-yə üzv ölkələrin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin birinci görüşü keçirilib
Görüşdə Türk Dövlətləri Əqli Mülkiyyət Təşkilatının yaradılması təşəbbüsü irəli sürülüb
Bakı, 21 avqust, AZƏRTAC
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşü keçirilib. Tədbirdə TDT, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Özbəkistan Respublikası və Türkiyə Respublikasının nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Tədbirin açılışında TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev görüşün tarixi əhəmiyyətini vurğulayıb, Türk dünyasında əqli mülkiyyətin innovasiya, elm, texnologiya və sənayenin inkişafının təməlində durduğunu bildirib. O, türkdilli xalqların tarix boyu böyük mütəfəkkirlər yetişdirdiyini qeyd edərək intellekt, bilik və innovasiyaların rifah və rəqabət qabiliyyətini müəyyən etdiyi müasir dövrdə Türk dünyasının qlobal yarışdan geri qalmamalı olduğunu diqqətə çatdırıb.
Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri Əqli Mülkiyyət Təşkilatının yaradılması təşəbbüsü olub.
Tədbirin sonunda Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin Birinci Görüşünün Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə tərəflər əqli mülkiyyətin qorunması və təşviqi sahəsində əməkdaşlığın gücləndirilməsi əzmini təsdiq ediblər.
TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.